Həyəcan siqnalı: Qaçacaq yerimiz qalmayacaq

Cəmiyyət

08.01.2020 - 19:16

Azər Qarayev: “Dünya liderlərinin vəziyyətin ciddiliyini dərk etməmələri bizi çox narahat edir”

 

Avstraliyada baş verən güclü meşə yanğını nəticəsində milyon hektarlarla ərazinə canlı aləm külə döndü. Bu, bütün planetin faciəsidir, amma təəssüf ki, dünya hələ də bu hadisənin dəhşətini dərk etmir.

 

Heyvanların Müdafiəsi Cəmiyyətinin sədri, ekoloq, hazırda Avstraliyada olan Azər Qarayev mövzu ətrafında fikirlərini AYNA-ya açıqlayıb.

 

- Dünyanın gözü qarşısında Avstraliyada meşələr yandı, heyvanlar tələf oldu, xeyli sayda insan tələf oldu. Zəngin bir dövlət niyə bu təbiət hadisəsinin qarşısında aciz qaldı?

 

- Avstraliya güclü iqtisadiyyatı, maddi-texniki imkanları olan ölkədir. Baş verənlər isə təbii yox, texnogen fəlakətdir. Hamını da düşündürən elə budur ki, fəlakətin fəsadlarını yumşaltmaq niyə onun əlindən gəlmir? Ən əvvəl onu qeyd edim ki, irimiqyaslı meşə yanğınları dünyada baş verən siyasi, geosiyasi, hərbi proseslərlə müqayisə olunur, amma başqa proseslər bu məsələ ilə bir yerə qoyula bilməz, müqayisə belə, edilə bilməz. Son vaxtlar İran-ABŞ və ya digər regional münaqişələrdən danışılır, amma bu cür bəşəri bir təbiət hadisəsinin dünyada müzakirəsi olunmur. Təəssüf içindəyəm, bu, düşüncəsiz addım deyilmi? Axı indi bütün bəşəriyyət bu fəlakət haqqında düşünməlidir. Axı bu fəlakət bir ölkə, qitə deyil, bütün planet üçün təhlükədir. Bir düşünək, hansısa münaqişə olan ərazidən insan varını-yoxunu götürüb qaça bilər, amma belə təbii fəlakətdə qaçacaq yer olmur. Bu, bir həyəcan siqnalıdır.

 

Digər tərəfdən, davamsız inkişafın nəticəsi olan belə təbii fəlakət 2 il qabaq ABŞ-da, daha sonra Sibirdə meşələrdəki yanğınılarla özünü göstərdi. Bu, o deməkdir ki, yüksək maddi resursları olan dövlətlər də texnogen, təbii fəlakət qarşısında aciz qalır. Gəlin bir daha düşünək, münaqişə oldu, insan varını-dövlətini götürüb qaça bilir, amma təbii fəlakətdə insan bütün canlılar kimi çarəsiz qalır.

Raminə Eyvazqızı