Həkimdən əhaliyə xəbərdarlıq: Başınıza bəla açmayın!

Cəmiyyət

20.02.2020 - 10:25

Vaqif Qarayev: “Bunu birmənalı başa düşmək lazımdır ki, antibiotik qızdırma salan dərman deyil”

 

Son vaxtlar yayılmış virus infeksiyalarına görə ev şəraitində müalicə alan insanların sayı artıb. Xəstələrin özbaşına müalicəsi, qızdırmasalıcı və ya antibiotiklərdən istifadəsi çox halda fəsadlara səbəb olur.

 

Həkim Vaqif Qarayev AYNA-ya açıqlamasında deyib ki, indi yayılmış virus xəstəliklərində ən çox qızdırma müşahidə olunur: “Ev şəraitində qızdırmanın salınması müxtəlif dərmanlar vasitəsilə olur. Amma çox halda qızdırmanın dərhal aradan qalxması üçün eyni vaxtda bir neçə qızdırmasalan dərmandan istrifadə edirlər. Bu, çox yanlışdır. Bəzən azyaşlı uşağa həm sirop, həm həb verilir, yaxud şam qoyulur. Əgər ilkin yardımda temperatur 39 dərəcədən 38,5 və ya 38 dərəcəyə düşürsə, deməli effekt var. Burada narahatçılıq yaradıb, özbaşına inyeksiyaya keçmək olmaz”.

 

“Bəzən virus xəstəliyi ilə bakteriyaya bağlı xəstəliyin yaratdığı qızdırma qarışdırılır. Bunu, əlbəttə ki, həkimlər daha yaxşı ayırırlar. Bakteriyada (boğaz ağrısı, angina kimi) dəfələrlə qızdırmasalan preparatlardan istifadə xəstənin vəziyyətini yaxşılaşdırmayacaq, mütləq həkim müayinəsi və məsləhəti ilə antibiotik terapiyaya başlanmalıdır”, - həmsöhbətimiz bildirib.

Həkimin sözlərinə görə, xəstələrin, xəstə yaxınlarının özbaşına antibiotik qəbul etmələri ən səhv addımdır: “Antibiotiki reseptsiz verənlər də məsuliyyət daşıyırlar. Valideynlər çox vaxt həkimi dinləmirlər, antibiotik eşidən kimi dərhal imtina edənlər də olur. Belə dərmanlara qıcığı olanlar və ya onu “sevənlər” kimi pasiyentləri iki yerə bölmək olar. Amma bir daha xatırladıram, əgər xəstənin 3 gün ərzində temperaturu aşağı düşmürsə, qızdırma “oynayırsa”, bu halda dərhal xəstənin xəstəxanaya çatdırılması, təcili tibbi yardıma müraciət mütləqdir. Bu, artıq vəziyyətin ciddi olduğundan xəbər verir”.

 

“Qızdırma zamanı ev şəraitində nə zaman iynədən istifadə olunmalıdır” sualını cavablandıran V.Qarayev qeyd edib ki, tibbi qaydalara görə, ev şəraitində antibiotik, hər hansı “smes” adı ilə məşhur olan iynə vurmaq olmaz: “Təəssüf ki, bəzi hallarda buna gərək duyulur. Antibiotiklər stasionar şəraitdə olan xəstəyə istifadə olunmalıdır. Antibiotik qızdırma salan dərman deyil!”

 

“Hər bir insan, yaxud valideyn uşağının hansı dərmana allergik reaksiyasını bilməlidir. Bu məqamı unutmaq ölümə səbəb ola bilər, necə ki, belə hallar olur. “Smes” deyilən qarışıqda “Analgin” çox allergikdir, bunu çoxu bilmir. Avropada bu dərmandan istifadə olunmur. Bunun üçün xəstədə sınaq edilməlidir. Xəstənin vəziyyətini ağırlaşdıran və onun ölümünə səbəb ola bilən anafilaktik şok bütün dünyada həkimlərin də düşmənidir. Bu vəziyyətə xəstənin düşməməsi üçün onun vəziyyəti daim nəzarətdə olmalıdır”, - mütəxəssis vurğulayıb.

 

Qarayev qızdırmanın salınması üçün sirkə-su qarşığının hələ də effektiv olduğunu əlavə edib: “Bəzən yeni təbabət bunu qəbul etmir, amma ev şəraitində qızdırma salmaq üçün istifadə etmək olar. İlıq duş da yüksək temperaturdan gərilmiş damarların açılmasına kömək edə bilir. Ən əsası, xəstə bu vəziyyətdə maye qəbulunu dayandırmamalı, çoxlu su qəbul etməlidir, çünki qızdırmada bədən, el arasında deyildiyi kimi, suyunu itirir. Yüksək qızdırmada qıcolmalara gəlincə, bu, daha çox 3 yaşa qədər uşaqlarda olur”.

Müəllif: Raminə Eyvazqızı