“Bu, ailəmə, həyat yoldaşıma, uşaqlarıma və yeni doğulmuş nəvəmə daha çox vaxt ayırmağa imkan verəcək”
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri istefa verib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, nazirin istefa məlumatını Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Nazirin sözlərinə görə, 2011-ci ildən "cənab Bidzina İvanişvilinin rəhbərlik etdiyi və ölkədə əsaslı dəyişikliklərə səbəb olan mübarizədə” şərikdir: “Buna görə də, istefa qərarını vermək mənim üçün asan deyil. Ölkəmizin hökumət komandasının rəhbərliyi altında əldə etdiyim nailiyyətlərləı fəxr edirəm. Buna sadiq qalıram və hər an lazım gələrsə, dövləti və hakim komandanı dəstəkləməyə hazıram”.
Keçmiş məmur bildirib ki, o 10 ildən artıq dövlət sektorunda çalışıb: “Gürcüstan Daxili İşlər Nazirliyi, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti və Baş nazirin müavini vəzifələrində çalışmışam. Bunun zəhmətli iş olduğunu, bunun enerji tələb etdiyini bilirəm. Bu gün Gürcüstanda sakit vəziyyət hökm sürür və mən "Gürcü Arzusu" komandasından istefaya göndərilməyimi xahiş etdim. Bu da ailəmə, həyat yoldaşıma, uşaqlarıma və yeni doğulmuş nəvəmə daha çox vaxt ayırmağa imkan verəcək”.
Gürcüstan DİN-in artıq keçmiş olan rəhbəri oliqarx, hakim “Gürcü Arzusu”nun yaradıcısı və fəxri sədri Bidzina İvanişviliyə “ən yüksək vəzifələrdə ölkəyə xidmət etməyi” ona həvalə etdiyinə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu etimad və İvanişvilinin nümunəsi onun üçün “işimi vicdanla yerinə yetirmək və Gürcüstan dövlətçiliyinin möhkəmlənməsinə töhfə vermək üçün xüsusi stimul oldu”.
Qomelauri həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə və həmişə dəstəyini hiss etdiyi, qərarıma anlayışla yanaşan bütün hökumət komandasına təşəkkür edib.
"Mən DİN-in hər bir əməkdaşına, hər bir qəhrəman polisə, yanğınsöndürənə - bu illər ərzində ölkəmizin təhlükəsizliyinin qayğısına qalan hər kəsə təşəkkür edirəm. Onların hər birinə və gələcək nazirə fəaliyyətlərində uğurlar arzulayıram. Vətənimə, komandama sadiq qalıram. Ölkəmə və hökumətimə əmin-amanlıq və bütün məqsədlərinə çatmasını arzulayıram. Hörmətlə, polis general-polkovniki Vaxtanq Qomelauri”, - bəyanatda vurğulanıb.