Gürcüstanda “Yaşıl pasport” rejimi tətbiq olunacaq

Dünya

09.11.2021 - 15:51

Baş nazir: “Koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək”

Dekabrın 1-dən Gürcüstanda “Yaşıl pasport” rejimi tətbiq ediləcək. AYNA gürcü mediasına istinadla bildirir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.

Baş nazir bildirib ki, dekabrın 1-dən ölkədə bəzi yerlərə və obyektlərə daxil olarkən COVID-19 pasportu tətbiq olunacaq: ““Yaşıl pasport”da vətəndaşın koronavirus keçirməsi, PCR testlərinin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq. Koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək.

Qaribaşvili vurğulayıb ki, COVID-19 pasportunun tələbləri 18 yaşdan yuxarı vətəndaşlara və turistlərə şamil ediləcək: “Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “Yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız müştərilərə aid olacaq”.

Müəllif: Ayna.az