Günün ən dəhşətli hadisəsi ilə bağlı həbs qərarı qəbul edildi

Hadisə

09.07.2019 - 16:23

Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub

 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Masallıda baş vermiş dəhşətli qəzayla bağlı məlumat yayıb. AYNA-ya daxil olan məlumatda deyilir:

 

“İyulun 9-da Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində Nizami Mustafayevin idarə etdiyi “Mersedes Benz Vito” markalı 99-LH-458 dövlət nömrə nişanlı mikroavtobusun Elvin Zeynalovun idarə etdiyi “Kamaz 5511” markalı 10-MG-329 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan çırpılması nəticəsində mikroavtobusda olmuş 8 nəfərin vəfat etməsi, 1 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin N.Mustafayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

 

Qeyd edək ki, Masallı rayonunda “Mercedes” markalı mikroavtobus və “Kamaz” markalı yük avtomobili toqquşub. Səhiyyə Nazirliyindən verilən məlumata görə qəzada səkkiz nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Qəzada ölənlərlərin kimliyi artıq müəyyən olunub: 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu; 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğlu.

 

Xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Ölənlərin və yaralananların Lerik rayonunun Kəlvəz kənd sakinləri olduqları bildirilir.

Müəllif: Ayna.az