Gizli arxivlərin açılan sirləri

Siyasət

05.06.2020 - 15:32

Azərbaycandakı bütün xarici ölkələrin agentura şəbəkəsi ifşa olunmalıdır

 

Sülhəddin Əkbər son dövrlərin ən cidd bir açıqlamasını edib. Tam açılmamış bu dəftər çoxlarını sevindirə, özünün dediyi otuz min nəfərlik şəbəkəni və bir qrup siyasiləri narahat edə bilər. Hətta, illərdir, bu məsələnin unudulduğunu zənn edən bəziləri Sülhəddin Əkbərin fiziki məhvini də təşkil edə bilərlər. Eyni addımı Rusiya xüsusi xidmətləri və başqa təhlükəsizlik xidmətləri də düşünə bilər.

 

Ötən əsrin sonunda Sovet imperiyası dağıldıqdan sonra milli dövlətlərin bəzilərində Sovet Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) və digər xüsusi xidmət orqanlarının agent şəbəkələri açıldı. Bir çox respublikalarda bu addım atıldıqdan sonra heç bir faciəvi hal baş vermədi. Sadəcə, yerli milli təhlükəsizlik xidmətlərinə və dövlətlərə, xüsusən, Rusiya xüsusi xidmət orqanlarına o gündən sonra işləyəcək insanları çəkindirməyə xidmət etdi. SSRİ-nin yenidən bərpa olunmasının qarşısının alınması baxımından bunun xüsusi əhəmiyəti var idi.

 

Bizim dövlətdə də Azərbaycan Xalq Cəbhəsi hakimiyətə gəldikdən sonra belə bir addımın atılması gözlənilirdi. Arxivlərin açılması tərəfdarı kimi mən də bunun çox faydası olacağını düşünürdüm. Azərbaycanın müstəqilliyinin bərpasından sonra Milli Təhlükəsizlik Nazirliyi adlandırılan keçmiş DTK-ya rəhbərlik edən şəxslər agentura bazasını, əlbəttə, məhv edə bilməzdilər. Biz də çox sevinirdik ki, arxivlər açılacaq, millət kimlərin agent olduğunu biləcək. Təəssüf ki, olmadı...

Ayna.az