Gələn ay paytaxtda “həngamə keçid” istifadəyə veriləcək

Cəmiyyət

16.02.2020 - 10:45

Anar Nəcəfli: “Hazır olmamış onun haqqında hər cür fikrin səslənməsi düzgün deyil”

 

Paytaxtın Əhmədli qəsəbəsində yerləşən “Ukrayna dairəsi”ndə yeni tikilən yürüstü piyada keçidini görən həm piyada, həm də sürücülərin ilk təəssüratı belə olur: “Bu hündürlükdə keçid kimə lazımdır?” İstər ərazidə yaşayan sakinlər, istərsə də yolu oradan keçənlərlə söhbətlərimiz zamanı keçid barədə xoş nəsə eşitmədik.

 

Narazılıqların əsas səbəblərindən biri də keçidin uzun müddətdir tikintisinə başlansa da, indiyədək təhvil verilməməsi ilə bağlıdır. Çünki tikinti prosesi bir istiqamətdə yolu daraldıb, günün bəlli saatlarında avtomobil sıxlığı yaranır.

 

Digər tərəfdən, keçidin yer qatından çox hündürdə qurulması piyadaların keçiddən istifadəsində problem yaradacaq. Yerüstü keçid xəttinə dırmaşmaq üçün insanlar bir tərəfdən 160 pillə qalxmalıdırlar ki, bunun aşağıya doğru o boyda pillə ilə düşmə tərəfi də var.

 

Keçidlə bağlı başqa bir tənqidi məqam onun qapalı olması üçün aparılan yersiz əməkdir. Axı piyada həmin yerdə bir neçə dəqiqəsini keçirəcək, keçidi tunel şəkilinə salıb qapatmaq üçün əlavə işçi əməyinə, dəmir konstruktsiyaya xərclənən pullara yazıq deyilmi?

Raminə Eyvazqızı