Gəldik, gördük, tələb edirik

Aktual

16.12.2022 - 17:41

və ya fiksasiya, fiksasiya, yenə də fiksasiya...

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin etiraz aksiyası dördüncü gündür ki, davam edir. Hələlik Rusiya tərəfi etirazçıların əvvəlki tələblərini yerinə yetirməyib. Məlum olduğu kimi, dekabrın əvvəlində Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak üzrə Dövlət Xidməti və “AzerGold” QSC-nin bir qrup mütəxəssisi Rusiya sülhməramlı kontingentinin (RSK) komandanı general-mayor Andrey Volkovla görüşlər keçirib.

O, monitorinq üçün Azərbaycan tərəfinin çıxışını təmin edəcəyinə söz versə də, vədinə əməl etməyib. Üstəlik, o, hələ də hadisə yerinə gəlməyib. Əksinə, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının etiraz aksiyalarının gedişini işıqlandıran jurnalistlərin işinə mane olma hallarını qeydə alıb. Ən əsası isə regionda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin rəhbərliyi Azərbaycan tərəfinin monitorinqinin qarşısını alır. Azərbaycan tərəfinin Xankəndinə girməsinə imkan vermir. Laçın dəhlizinin qarşısını kəsir.

Bütün bunları görən Laçın yolundakı azərbaycanlı etirazçılar tələblərini dəyişdilər. Onlar bundan sonra Qarabağ bölgəsində ermənilərin yaşadığı və RSK-nın yerləşdirildiyi əraziyə Rusiyanın sülhməramlıları və Azərbaycanın dövlət qurumları tərəfindən birgə nəzarət edilməsini tələb edirlər. Daha konkret desək, RSK-nın müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarına, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinə nəzarətin bərpası tələb olunur.

Bu, artıq qeyd etdiyim kimi, Rusiya sülhməramlıları tərəfindən medianın işinə mane olması faktlarının qeydə alınması fonunda çox vacibdir. Etiraz edən jurnalistlərin yanında Daxili İşlər Nazirliyinin nümayəndələrinin olması Rusiya sülhməramlılarının bu və ya digər yerli mediaya və ya QHT-yə məxsus texnikaya yenidən zərər vurmaq qərarına gəldikləri təqdirdə onları ayıltmağa kömək edəcək. Bu faktor həm də Xankəndiyə nəyin gətirilməsi və RSK-nın bunu edə bilməyəcəyi halda, oradan nəyin ixrac edildiyini daha dəqiq qeydiyyata almağa və nəzarət etməyə kömək edəcək.

Heç şübhəsiz və eyni məqsədlə Ermənistanla sərhəddə, Laçın istiqamətində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postlarının yaradılması vacibdir.

Fiksasiya, fiksasiya və yenə də fiksasiya. Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankədidən qeyri-qanuni hasil edilən qızıl filizinin ixracının qarşısının alınmasının yeganə yolu budur. Məlumdur ki, ölkəmizdə ən yüksək standartlı qızıl Qızılbulaq yatağında yerləşir. O, indi Qarabağ separatçılarının əlindədir. Moskvalı miqrant Ruben Vardanyan RSK rəhbərliyinin himayəsi ilə qanunsuz yağmalanmış hər şeyi Ermənistana ixrac edib. Özünü unutmadan, əlbəttə.

Mən Azərbaycanın bu cür nəzarətinin Ermənistan tərəfini Xankəndiyə və ətraf ərazilərə silah gətirmək imkanından məhrum edəcəyini demirəm. Üstəlik, bu nəzarət sayəsində “120 min Qarabağ sakini blokadadadır” haqda erməni təbliğatının yalanlarını sübut etmək çox asan və sadə olacaq. Orada o qədər də çox insan yoxdur. Reallıqda isə bizim məlumatlara görə, orada 50 mindən çox insan yaşamır.

Başqa bir məsələ odur ki, Qarabağda etiraz aksiyalarının “kütləvi xarakterdə” nümayiş etdirilməsi lazım olan məqamlarda Ermənistandan “mitinq iştirakçıları” Xankəndiyə məhz Laçın dəhlizi ilə gətirilib. Bütün bunların pulunu Ruben Vardanyan ödəyib və RSK rəhbərliyi bütün bunlara göz yumub. Əslində başqa şeylərlə yanaşı, Qarabağ separatçıları və onlara qoşulan Rusiya erməniləri məhz buna görə haray salıblar! Oğrunun başında papaq da yanır. Elə onun yoldaşlarının da.

Həm də təkcə oğruda deyil. Noyabrın sonunda məlum olub ki, 27 İran vətəndaşı iki qrup halında Xankəndiyə gəlib. İran tərəfi hələ də onlar haqqında məlumat açıqlamır. Onların Qarabağa qanunsuz silahlı birləşmələrə təlim keçmək məqsədi ilə gəldiyi güman edilir. Bu, o deməkdir ki, yola faktiki olaraq RSK nəzarət etmir. Yaxud hadisələrin belə inkişaf etməsinə RSK rəhbərliyi şüurlu şəkildə töhfə verir. Üçüncü variant yoxdur.

Üstəlik, dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi yaxınlığında 8 nəfərin minaya düşməsi barədə Kəlbəcər Rayon Hərbi Prokurorluğuna məlumat daxil olub. Çoxlu sayda azərbaycanlı 44 günlük müharibə başa çatdıqdan sonra mina terrorunun qurbanı olub. Və bizdə məlumat var ki, bu minalar RSK-nın gizli razılığı ilə Ermənistandan Qarabağ separatçılarına və yaraqlılarına çatdırılır.

Təbii ki, bu vəziyyət Azərbaycana sərf etmir. Buna görə də etirazçılar buna son qoyulmasını tələb edərək, Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin müvəqqəti məsuliyyət zonasına nəzarəti bərpa etməsini RSK-dan tələb edirlər. Azərbaycan tərəfinin tələbləri haqlıdır. Və Azərbaycan torpaqlarında Azərbaycan vətəndaşlarının iştirakı ilə keçirilən etiraz aksiyaları davam edəcək.

Müəllif: Əkbər Həsənov