Fransada yeni dalğa: miqrantlar qatı solçularla ifrat sağçıların aləti rolunda - Qalib isə...

Dünya

06.07.2023 - 14:22

Həkimlər Klinikalar SEO Xidməti

Rəşid Hacılı: “Fransada bu əhvalın güclənməsi onun Avropa Birliyindəki mövqelərini də zəiflədə bilər”

Fransada polisin xidməti silahdan atəş açaraq 17 yaşlı gənc Nahel M-i öldürməsindən sonra başlayan etirazlar bu günlərdə səngiyib. Minlərlə insanın Fransanın bir neçə şəhərində keçirilən aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş verdi. Yüzlərlə etirazçının saxlanılmasından sonra vəziyyət daha da qəlizləşmiş oldu. Hökumət etirazların qarşısını almaq üçün müxtəlif zorakı tədbirlərə əl atmalı oldu. İndi etirazlar səngisə də baş verənlərin Fransanı cidsdi silkələdiyini, zorakılıqların demokratiyaya ciddi zərbə vurduğunu düşünənlərin sayı kifayət qədərdir.

Baş verənlərlə bağlı AYNA-ya danışan Fransada yaşayan azərbaycanlı ictimai-siyasi xadim, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki,  son iştişaşlar qorxuducu, spontan, idarəolunmaz idi:

- Etirazlar marginal qüvvələrdən qaynaqlanırdı. Amma ümumiyətlə, şəhər zorakılıqları, şəhər iğtişaşları Fransada yeni bir hal deyil, vaxtaşırı baş verir. Bəzən bundan hətta ciddi siyasi qüvvələr də açıq-aşkar istifadə edirlər. Bunu etirazın bir növü sayırlar. Şübhəsiz ki, polisə zorakılıq edənlər, vandalizm törədiciləri cəza alırlar, amma etirazçılar buna bilərəkdən gedirlər. Məqsəd də etirazlarını daha çox diqqətə çatması və daha ciddi qəbul edilməsidir.

Son illərdə Fransada yeni dalğa başlayıb. Zorakılıqlarla müşayət olunan belə etirazları daha çox radikal qruplar və özəlliklə, gənclər edirlər. Bir neçə il öncə başlayan “sarı jiletlilər”in etirazlarında da zorakılıq, obyektləri dağıtmaq, xüsusilə, kapitalizm, zənginlik əlamətləri olan obyektlərə basqınlar var idi. Onlar hesab edirlər ki, hakimiyyət, Prezident Emmanuel Makron Fransa zənginlərinin maraqlarını gerçəkləşdirir. İslahatlar, o cümlədən geniş lənət doğurmuş pensiya islahatı da buna xidmət edir. 

Bu başıbəlalı pensiya islahatlarına etirazlar zamanı yenə bəzi qatı solçu güclər küçə zorakılıqlarına, dağıdıcı aksiyalara əl atılar. Fransada pensiya islahatları ilə razı olmayanlar çox idi. Tətillər, küçə etirazları hər yeri bürümüşdü. Amma zorakılıq və dağıntıya çağırışları əsasən qatı solçu Jan Lük Melanşon tərəfdarları edirdi. JanLük Melanşon 2016-cı ildə qurduğu “La France İnsoumise” (azərbaycanca Qiyamçı Franca anlamına gəlir) Hərəkatının başqanıdır. Son prezident seçkilərində ilk turda 22 faiz səs yığdı. Bu gün Senatda böyük deputat qrupuna rəhbərlik edir. Son günlərdə baş verən miqrant kökənli fransızların daha zorakı şəhər iğtişaşları başlaması belə Jan Lük Melanşon tərəfdarlarını durdurmur.

- Belə çıxır ki, hakimiyyətə iddialı olan solçu siyasətçi miqrantlardan istifadə edir. Belə demək olarmı ki, miqrantlar Fransanı silkələyir?

- Sonuncu iğtişaşları tətikləyən polisin açıq-aşkar qanunsuz silah tətbiqi oldu. 17 yaşlı Nohel adlı gənci polis əmrə tabe olmadığı üçün güllələyib öldürdü. Gənc Əlcəzair kökənli ailənin uşağıdır, Fransa doğumludur, Fransa vətəndaşıdır.  Bu olaya etirazlarda əsas iştirakçılar məhz Şimali Afrika kökənli fransızlar idi. Küçə iğtişaşlarını edənlər, polislə qarşıdurma edənlər bu icmalardan çıxan gənclər idi.

Paradoks ondadır ki, artıq 2-ci və ya 3-cü nəsil fransız olmalarına baxmayaraq, bu miqrantların çoxu yerli fransızlarla qaynayıb qarışa, bütövləşə bilməyiblər. Mədəni fərqlər, ciddi sosial fərqlər qalmaqdadır. Böyük şəhərlərdə ayrıca məhəllələrdə yaşayırlar. Fransa məktəblərində təhsil alsalar da, mənsub olduqları icmadan, məhəllələrdən gələn fərqli düşüncə və həyat tərzlərini qoruyub saxlayırlar. Belə icmaların toplaşdığı yerlər çox zaman kiçik cinayətlər məkanı olur. Polisi ən çox məşğul edən, narahat edən məhəllələr olur. Belə məhəllələri “qaynar məhəllələr” adlandırırlar.

Müqayisə hər zaman qüsurludur, amma aydın təsəvvür üçün Bakıdakı bəzi məhəllələri misal göstərmək olar. Məsələn, “Papanin”, “Alatava”, “Dağlı”, “Sovetski” və ya “Kubinka” kimi adlanan məhəllələr kimi.    

Ölkədə miqrantların sayı və belə məhəllələr artdıqca köklü əhalinin onlara münasibətində də dəyişikliklər baş verir. Əhalinin bəzi təbəqələri içərisində əvvəlki tolerantlıq get-gedə azalır. Bütünlükdə Avropada, o cümlədən, Fransa və Almaniyada ifrat sağçı, qatı millətçi qrupların güclənməsinin səbəbi miqrant problemidir. Son prezident seçkilərində populist, ultra-sağçı hərəkatın lideri Marin Le Pen əsas müxalif namizəd oldu və səslərin 42 faizini topladı. Bu, milyonlarla səs deməkdir. Və bu, milyonlarla insanın Marin Le Penin antimiqrant, islamofob, turkofob ideyalarına dəstək ifadəsi idi. Yəni belə əhval-ruhiyyənin olduğu bir ortamda konfliktlərin olması gözləniləndir. Qarşılıqlı inamsızlıq ortamı yaranıb.

- Polisin belə zorakı davranışının kökündə nə dayanır?

- Etiraz edənlər deyirlər ki, polis bu qrupdan olan gənclərlə çox zaman qanunsuz davranır, hər addımda döyür, əzir. Bütün qanunsuzluqlar bu olayda olduğu kimi kiminsə videokadrlarına düşmür. Polis bürolarında, gözdən uzaq yerlərdə polisin etdiyi zorakılıqları sübut etmək çətin olur. Onlar deyir ki, bu hadisəni törətmiş polislər raport vermişdilər ki, gənc avtomobili onların üstünə sürürmüş, özlərini qorumaq üçün atəş açmalı olublar. Yəni zəruri müdafiə addımları atıblar. Sonradan kimsə gizli çəkdiyi videonu yaydı və bəlli oldu ki, gerçək tam başqadır. Gənc avtomobili onlar tərəfə yox, əks tərəfə sürür, polis 17 yaşlı gənci soyuqqanlıqla, lap yaxından, arxadan güllələyib.

Beləliklə, polisin davranışında ciddi qüsurlar olması problemi aşkara çıxır. Polisin belə soyuqqanlı, qorxusuz qanunsuzluğa əl atmasının cəzasızlıq, polisin davranışına nəzarətin zəif olması, polislərin yetərincə təlimatlandırılmaması olduğu deyilir. Üstəlik, 2017-ci ildə qəbul edilmiş, polisin silahdan istifadə hüquqlarını xeyli genişləndirən qanunun da qüsurlu olduğu müzakirə mövzusudur.

Vəkillər deyir ki, polis zorakılıqlarını sübut etmək çox çətin, hətta mümkünsüz bir işdir. Şahidin yoxdursa, azdırsa, iddianı necə sübut edəcəksən?! 4 polis sənin dediyinin əksini deyirsə, azı 5 şahidin olmalıdır ki, məhkəmə sənin dediyinin doğru olduğunu qəbul etsin. Bu isə mümkünsüzdür.

- Etirazlar davam edə və Makron hakimiyyətinin sonunu gətirə bilərmi?

- İğtişaşlar hökumət üçün bir sınaq olsa da, hər halda siyasi hakimiyyətə zərər vurmadı. Deyirlər ki, əksinə, Prezident Makronun pensiya islahatı nəticəsində çox zəifləmiş reytinqini yaxşılaşdırdı. Əksinə, pensiya islahatlarından narazı qrupları öz tərəfinə çəkmək üçün tərəfdarları olan gəncləri küçə iğtişaşlarına və vandalizmə keçən sərt etirazlara çağıran siyasi qrupların reytinqinə zərər vurdu. Böhrana qarşı normal duruş gətirən, iğtişaşların qarşısını alan hökumətə inamı az da olsa artırdı. İğtişaşlar və zorakılqlardan qorxuya düşən fransızları bəyənmədikləri hökumət ətrafında keçici də olsa birləşməyə məcbur etdi. Bir çox fransızlar hətta iğtişaşçılara qarşı birləşərək asayişin qorunmasına yardım etdilər.

- Bundan sonrakı prosesləri necə proqnozlaşdırmaq olar?

- Ultra-sağçıların, millətçilərin toparlanması əlamətlərini görmək olur. 17 yaşlı gənci güllələmiş polisi müdafiə edənlər də az deyil. Onun müdafiəsi üçün qurulmuş yardım fonduna qısa zamanda 1 milyon avro vəsait yığıldı. Bu, qorxuludur. Antimiqrant ruhunun artması Marin Le Pen kimi, Erik Zimmer və Valeri Pekres kimi sağçı populist liderlərin dəyirmanına su tökür. Bütün bunlar Fransada iç harmoniya və sabitlik üçün təhlükə yaradır. Fransada bu əhvalın güclənməsi onun Avropa Birliyindəki mövqelərini də zəiflədə bilər.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş