“Paris Danimarka ilə Qrenlandiyada qoşun yerləşdirməyi müzakirə etməyə başlayıb”
Fransa ABŞ Prezidenti Donald Trampın adanı ələ keçirmək təhdidlərinə cavab olaraq Qrenlandiyaya qoşun göndərmək barədə Danimarka ilə müzakirələrə başlayıb. AYNA “Politico”ya istinadən bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Nəşrin məlumatına görə, bir gün əvvəl Fransa Xarici İşlər Nazirliyinin rəhbəri bu məsələni Danimarkanın Baş naziri Mette Frederiksenlə müzakirə edib.
Fransanın “Sud” radiosuna verdiyi müsahibədə Barrot deyib ki, Paris “Danimarka ilə Qrenlandiyada qoşun yerləşdirməyi müzakirə etməyə başlayıb”.
Nazir qeyd edib ki, zərurət yaranarsa, digər Avropa İttifaqı ölkələri də öz ordusunu Qrenlandiyaya göndərə bilər.
"Danimarka kömək çağırarsa, Fransa orada olacaq", - nazir vurğulayıb.
Barrot Avropa sərhədlərinin suverenliyini xatırladıb və qeyd edib ki, heç kimin onları pozmağa haqqı yoxdur.
Eyni zamanda, nazir ABŞ-ın Qrenlandiyanı həqiqətən işğal edəcəyinə şübhə ilə yanaşdığını bildirib.