İclasda təşkilati məsələlər müzakirə edilib
Növbəti seçkilərdən sonra Fövqəladə Hallar Nazirliyi yanında yeni tərkibdə İctimai şuranın ilk iclası keçirilib.
Nazirliyin Mətbuat xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, iclasda çıxış edən Fövqəladə Hallar Nazirliyi yanında yaradılmış İctimai şuranın sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti Fuad Hacızadə ölkəmizdə vətəndaş cəmiyyəti institutlarına göstərilən diqqət və qayğıdan bəhs edib, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulayıb. O, yeni formalaşmış İctimai şuranın fövqəladə halların idarə olunması sahəsində verdiyi rəy və təkliflərin nəzərə alınacağına, bu qurumun ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edərək, Şuraya fəaliyyətində uğurlar arzulayıb.
İclasda təşkilati məsələlər müzakirə edilib, səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova sədr müavini, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə heyətinin sədri Məhəmməd Məmmədov isə katib seçilib.
İclasda müxtəlif məsələlər müzakirə edilib, Şura üzvləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilərək, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq rəy və təkliflərin təqdim edilməsi, əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərə dəstək verilməsi və digər təkliflər səsləndirilib.