Ermənistandan Qarabağa üçüncü yol <font color=red> və biz nəyi gözləyirik?!</font>

Siyasət

09.06.2020 - 19:31

Azərbaycanın düşmənə təsir imkanları kifayət qədərdir və onlardan istifadə edilməlidir

 

Bir neçə gün əvvəl Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan Azərbaycanın işğal olunmuş Zəngilan bölgəsinə səfəri zamanı, Ermənistandan Qarabağa üçüncü avtomobil yolunun çəkilişi üçün hazırlıq işlərinin aparıldığını açıqlamışdı. Onun sözlərinə görə, yeni magistral yol Azərbaycanın işğal olunmuş Cəbrayıl, Füzuli və Zəngilan rayonlarını Ermənistanla birləşdirəcək. İşğalçıların planlarında bu ərazilərin qanunsuz məskunlaşmasını genişləndirmək, həmçinin münbit torpaqları kənd təsərrüfatı istehsalı üçün istifadə etmək də var.

 

Bu bəyanat bir daha Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün gedən danışıqlar prosesində yalnız formal olaraq iştirak etdiyini sübut edir. Ermənistanın Baş Naziri Nikol Paşinyan dəfələrlə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia edib. Arutyunyan da eyni fikirləri səsləndirir. Bütün bunlar öz növbəsində onu deməyə əsas verir ki, Ermənistan və onun işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı rejim dayanıqlı iqtisadiyyat qurmaq və müdafiə qabiliyyətlərini gücləndirmək üçün danışıqlar prosesi vasitəsi ilə vaxt qazanmaq fikrindədir.

 

Gorus-Xankəndi yolu və Vardenis-Ağdərə magistral yolundan sonra bu, Ermənistanı və Qarabağı birləşdirən üçüncü magistral yola çevrilə bilər. Bu dəfə yeni yol Araz çayı və İran sərhədinə bitişik işğal olunmuş Azərbaycan ərazilərinin cənub hissəsini əhatə etməlidir. Maraqlıdır ki, bu magistral yol Ermənistanı işğal altındakı Qarabağ ərazisi vasitəsi ilə İranla birləşdirə bilər.

Nəzərə alsaq ki, bir müddət əvvəl İran tərəfinin Araz çayı üzərində, işğal olunmuş Cəbrayıl rayonunun ərazisində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarını, həmçinin iki körpü inşa etməsi barədə məlumatlar yayılmışdı, yuxarıda deyilənlərin ermənilərin planlarında yer alması ehtimalları yüksəkdir. Elə ona görə də Arutyunyanın səsləndirdiyi bəyanatın təsadüfi olmadığını güman etmək olar.

 

Xudafərin hidro-qovşağının tikintisinə İran tərəfindən 2010-cu ilin yazında başlanılıb. “Qız Qalası” Su Elektrik Stansiyasının da istismara veriləcəyi ilə layihənin tamamlanması 2020-ci ilin sonuna planlaşdırılır. İranın bu işləri 2016-cı ildə Azərbaycanla imzalanmış saziş çərçivəsində həyata keçirdiyi deyilsə də, rəsmi Bakının bu obyektlərin istismarında iştirak və onlara nəzarət etmək imkanı yoxdur.

 

İlk baxışdan, hüquqi prizmada Azərbaycanın maraqlarına hörmət edilir – sazişdə göstərilən ərazidə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tanınır. Ancaq İran və Qarabağ separatçıları arasındakı sıx əlaqələri, həmçinin bir müddət əvvəl İran yük maşınlarının vaxtaşırı Xankəndinə dolu gəldiyini sübut edən videonun yayılması ilə əlaqədar yaranan qalmaqalı nəzərə alsaq, Araz çayı boyunca tikilən körpülərin İranla Qarabağ separatçıları arasında qarşılıqlı münasibətləri yaxşılaşdıracağı ehtimalı kifayət qədər yüksəkdir.

 

Azərbaycanla imzalanan müqaviləyə məhəl qoymayan İran bu körpülər vasitəsilə Qarabağa rahat şəkildə mallar göndərə biləcək. Eyni şəkildə, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan kənd təsərrüfatı məhsulları İrana ixrac ediləcək və yerli erməni diasporu vasitəsilə satılacaq. Magistral yolunun inşası ilə Qarabağ separatçılarının mövqelərinin xeyli güclənəcəyini təxmin etmək çətin deyil, bu da öz torpaqlarında erməni işğalına son qoymağa çalışan Azərbaycanın maraqlarına cavab vermir.

 

Bu vəziyyətdə Azərbaycan nə etməlidir? Ərazilərimizi işğal edən Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan, inadla işğal olunmuş torpaqları geri qaytarmaq istəmir. Üstəlik, işğalçılara istifadə olunmayan kənd təsərrüfatı ərazilərində məskunlaşdırmaq və iqtisadi inkişaf etdirmək üçün imkan yaradacaq, eyni zamanda, İranla başqa bir əlaqə kanalını qurmaq üçün yeni bir magistral yolun inşa ediləcəyi elan edilir. Azərbaycan real və ciddi bir təhlükə ilə üzləşib.

 

Beynəlxalq praktikada "məcburedici diplomatiya" termini mövcuddur. Bu termin düşməni, mümkün təhdidlərdən istifadə etməklə təcavüzü dayandırmağa inandırmağa vadar edir. Azərbaycanın bu imkanları kifayət qədərdir və onlardan istifadə edilməlidir. Ermənistan isə Qarabağda yeni yol çəkərkən unutmamalıdır ki, bir vaxt Azərbaycan tankları da bu yollarla əks istiqamətdə irəliləyə bilər ...

Müəllif: Asif Aydınlı