Ermənistanda oturuşan missiya və üç əlavə məntəqə: İrəvan Moskvanın əsəbi ilə oynayır

Siyasət

08.06.2023 - 19:32

Mərkəz rəhbəri: “Paşinyan hakimiyyəti Rusiya tərəfindən hansısa formada cəzalandırılacaq”

Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Missiyası (EUMA) yaxın aylarda Cermuk, İcevan və Yeğeqnadzorda (Keşişkənd) üç əlavə məntəqə açmağı planlaşdırır.  Bu barədə Missiyanın internet səhifəsində məlumat yerləşdirilib. Qeyd edilib ki, Mülki Missiya əməliyyat imkanlarını tədricən maksimuma çatdırır. Bildirilib ki, iyunun 1-də Aİ-nin monitorinq missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupun üzvlərini qəbul ediblər.

Ritter Missiyanın mandatı və fəaliyyətləri haqqında danışıb və patrul xidmətlərindən alınan müşahidələr əsasında yerlərdə təhlükəsizliklə bağlı inkişaflar barədə iştirakçılara məlumat verib: “Bizim məqsədimiz digər məsələlərlə yanaşı, sərhədyanı ərazilərin təhlükəsizliyinin sabitləşməsinə töhfə verməkdir”.

“Və bir çox erməni rəsmilərinin fikrincə, Aİ-nin Mülki Missiyası vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verib. Bununla belə, vəziyyət qeyri-sabit olaraq qalır”, - Ritter çıxışında qeyd edib.

Məlumatda vurğulanıb ki, Aİ-nin Ermənistandakı Mülki Missiyası bu il fevralın 20-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fəaliyyətə başlayıb və iki illik mandata malikdir. Missiyanın mülki heyətinin ümumi sayı təxminən 100 nəfərdən, o cümlədən, 50-yə yaxın silahsız müşahidəçidən asılıdır.

“Missiyanın operativ qərargahı Keşişkənddə yerləşir. Məqsədi Aİ-nin dəstəyi ilə Ermənistanın sərhədyanı rayonlarında vəziyyəti sabitləşdirmək, münaqişədən zərər çəkmiş ərazilərdə insanların etimadını və təhlükəsizliyini artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdır”, - deyə qeyd olunub.

Aİ Mülki Missiyasının məntəqələrinin sayını artırmasını qiymətləndirən Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, bu, gözlənilən idi. Analitik AYNA-ya deyib ki, hazırda sözügedən Mülki Missiya Ermənistanda oturuşmaqla məşğuldur.

Politoloq vurğulayıb ki, hazırkı fəaliyyət əvvəldən hazırlanmış planın tərkib hissəsidir: “Mülki Missiyanın Ermənistanda yerləşdirilməsi rəsmi həm rəsmi İrəvanın, həm də Avropa dövlətlərinin, xüsusilə də Fransanın istəyi idi. Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ölkəsinin təhlükəsizliyinin təmininim Rusiyanın çətiri altında görmür. Ona görə də rəsmi İrəvan ya Parisin, ya da istənilən beynəlxalq hərbi müşahidəçilərin sərhəddə dayanmasını, proseslərə nəzarət etməsini istəyirdi. Buna Fransanın razılığı da vardı. Bu ölkənin müdafiə naziri bəyan etmişdi ki, onların müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədinə gəlməsi, monitorinqlər aparmasına hazırdırlar. Bu yöndə razılaşma var idi. Ötən ilin payızında bu həyata keçirildi. İlkin olaraq iki aylıq və az heyətlə gəlmişdilər. Sonra müddət də artdı, say da. İndi məntəqələrinin sayını artırırlar və bu o deməkdir ki, oturuşmağa başlayırlar.

“Məsələ burasındadır ki, ABŞ və Fransa bölgəyə gəlməyə can atırdı. Bunu çoxdan istəyirdilər, nail ola bildilər. Onlar bununla Ermənistanı Rusiyanın təhlükəsizlik qarantlığı altından çıxarmaq niyyətindədirlər. Görünür İrəvan da bu niyyətlə razıdır. İndi əsas məsələ Rusiyanın buna necə reaksiya verəcəyindən asılıdır. Məlumdur ki, Moskva Ermənistanda mülki adı ilə də olsa, Aİ-nin hər hansı missiyasının olmasını istəmir. Yəqin ki, İrəvana Moskvadan narazılıq bildirilib, yaxud bildiriləcək”, - analitik vurğulayıb.  

“Rusiyanın hazırda Ukraynada necə deyərlər, başı qarışıqdır. Kremlin diqqətləri müharibə səbəbi ilə yayınıb, amma çox keçməz ki, Rusiya prosesdə öz ağırlığını göstərmək istəyəcək. Təbii ki, Paşinyan hakimiyyəti Rusiya tərəfindən hansısa formada cəzalandırılacaq. Bu cəzalandırmanı biz hiss etməyə, görməyə bilərik. Amma hökmən, cəza olacaq”, - Miri əlavə edib.

Azərbaycanın reaksiyasına gəlincə, Mərkəz rəhbəri qeyd edib ki, əvvəldən Aİ Mülki Missiyasının bölgəyə gəlişinə Bakı ona görə razı olub ki, bu, mülki missiyadır: “Bununla Bakı regiona hərbi missiyanın gəlişinin qarşısını ala bildi. İkincisi, Mülki Missiyanın yalnız Ermənistan ərazisində monitorinq aparılmasına etiraz edilmədi ki, bu, dolayısı ilə Rusiya ilə Ermənistanı qarşı-qarşıya qoymaq cəhdi idi. Azərbaycan öz siyasətini həyata keçirir və Mülki Missiya ilə bağlı xoşagəlməz hadisələr olduqda, etirazlarını bildirir”.

Müəllif: Anar Bayramoğlu