Ermənistan Gorus-Qafan yoluna alternativ yol çəkir

Dünya

25.10.2021 - 15:13

Papikyan: “Yolun tikintisi gələn əvvəlində başa çatacaq və yol istifadəyə veriləcək”

“Ermənistanın Sünik vilayətində dövlətlərarası magistral Gorus-Qafan yoluna alternativ yolun tikintisi gələn əvvəlində başa çatacaq və yol istifadəyə veriləcək”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş nazirinin müavini Suren Papikyan deyib.

Papikyan bildirib ki, Ermənistan rəsmiləri ilə bazar günü təmir-tikinti işləri gedən yolun 43 kilometrlik Tatev-Ağvani hissəsinə baş çəkib.  

“Yolun bu hissəsinin noyabrın sonunadək istismara veriləcəyi gözlənilir”, nazir vurğulayıb.

Qeyd edək ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan ərazisindən keçir və rəsmi İrəvan bir müddətdir ki, alternativ yol tikintisinə başlayıb. Yeni yol İranla Ermənistan arasında əsas gediş-gəliş olan Gorus-Qafan yoluna alternativdir.

Xatırladaq ki, Azərbaycan bu ilin sentyabr ayından Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə başlayıb və İrandan Ermənistana gedib-gələn yük maşınlarını yoxlayıb. Eyni zamanda, maşınları gömrük rüsumuna cəlb edib. Bu, xərclərin artması səbəbi ilə iranlı sürücülərin narazılığına səbəb olub. İran Gorus-Qafan yoluna alternativ yolun tikintisində Ermənistana dəstək göstərəcəyini bildirib.

Müəllif: Ayna.az