Erməni nazir Bakı ilə Kiyev arasında böyük qalmaqala cəhd edir

Siyasət

06.11.2020 - 19:20

Aleksandr Kovalenko: “Bu mövzu ilə manipulyasiya etmək daha asandır

 

Ukraynada Prezident Vladimir Zelenskiyə qarşı gerçək bir informasiya hücumu başlanıb. Üstəlik, eyni zamanda bir neçə cəbhədə. Əvvəlcə Ukraynada Konstitusiya Məhkəməsinin, yalan məlumata görə cinayət məsuliyyəti elan edilməsinin konstitusiyaya zidd olması qərarı qalmaqalın əsasını qoydu. Müvafiq olaraq, hakimlər mülkiyyətləri barədə yanlış məlumat verməyə görə cinayət məsuliyyətini ləğv etdilər və NAPK-ın (Korrupsiyanın qarşısının alınması üzrə Milli Agentlik) səlahiyyətlərini məhdudlaşdırdılar.

 

Öz növbəsində NAPK bu tipli elektron bəyannamələrə girişi bağladı, lakin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı əsasında, Nazirlər Kabinetinin əmri ilə giriş bərpa edildi. Eyni zamanda, Vladimir Zelenski Konstitusiya Məhkəməsinin bütün tərkibinin kənarlaşdırılması haqqında bir qanun layihəsini Ali Radaya təqdim etdi. Ukrayna Prezidenti hesab edir ki, Konstitusiya Məhkəməsinin qalmaqallı qərarlarının arxasında antikorrupsiya qurumlarının təhlükəsini hiss edən “rus kuklaları” və “bəzi Ukrayna oliqarxları” durur.

 

Cavab olaraq Ukrayna Konstitusiya Məhkəməsinin sədri Aleksandr Tupitski, Zelenskinin qanun layihəsində Konstitusiya çevrilişinin əlamətlərinin olduğunu iddia etdi. Üstəlik, Prezident Aparatının keçmiş rəhbəri Andriy Boqdan, Prezident Volodimir Zelenskinin ətrafının Konstitusiya Məhkəməsinin antikorrupsiya müddəalarına dair qalmaqallı bir qərarının hazırlanmasından xəbərdar olduğunu söylədi. “Ukrainskaya Pravda”-ya verdiyi müsahibəsində dövlət başçısına bu barədə xəbərdarlıq edilməli olduğuna əminliyini ifadə etdi. Boqdan Zelenskinin hərəkətsizliyini “cinayət əməli” adlandırdı.

 

Göründüyü kimi, əvəllər Prezidentin tərəfdarı olanlar da daxil olmaqla, indi çoxları Ukrayna Prezidentinə qarşı çıxmağa qərar veriblər. Və bu fonda ZN.UA. nəşrində çıxan material heç də təsadüfi qiymətləndirilə bilməz. Məqalədə Kiyevin Bakı ilə böyük bir qalmaqal ərəfəsində olduğu iddia edilir. Və hər şey, deyirlər ki, Vladimir Zelenskinin “Ukrspetsexport” ilə Azərbaycan arasında P-18 radiolokasiya stansiyaları üçün komponentlərin tədarükü ilə bağlı müqavilənin icrasını dayandırmaq barədə sözdə deyilmiş qərarı ilə əlaqədardır. ZN.UA mənbələrinə görə, Zelenski Azərbaycanla müqavilənin icrasını təxirə salma əmrini təxminən bir ay əvvəl, Bakının Dağlıq Qarabağ və ətrafındakı “təhlükəsizlik kəməri” üzərində suverenliyini bərpa etmək üçün hərbi kampaniyaya başladıqdan sonra verdi. Müqavilənin özündə silah tədarükü nəzərdə tutulmadığı göstərilir (həqiqətən, “Ukrspetsexport” və “Ukrinmash” tərəfindən 2017-2018-ci illərdə azərbaycanlılarla bağlanan və Ukrayna tərəfinin yerinə yetirdiyi digər dörd müqavilə kimi). Bakı BMT-nin silah embarqosu altında deyil və Kiyev Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu səbəbdən məqalədə vurğulanır ki, bu Cənubi Qafqaz dövləti ilə bağlanmış müqaviləni davam etdirmək üçün bütün rəsmi əsaslar mövcuddur.

 

Nəhayət, 2014-cü ildə Ukraynanın özü Azərbaycandakı mövcud vəziyyəti xatırladan bir durumda idi. Və Azərbaycanla hərbi-texniki əməkdaşlığın davam etdirilməsi Kiyevlə Bakı arasındakı strateji tərəfdaşlığın əsl nümayişi olacaq.

 

Həm də bu qərarda, Ukrayna nəşrinin həmsöhbətlərinin izahatlarından göründüyü kimi, yalnız Ukraynada nüfuzlu erməni lobbisinin, ermənilərin nüfuzlu nümayəndələrindən biri olan daxili işlər naziri Arsen Avakovun hökumət üzvü olması faktoru rol oynamayıb. Səbəblər arasında onlar tərəfindən mümkün kütləvi etirazlardan qorxu faktoru da yoxdur. Baxmayaraq ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin əsas silah tədarükçüsü Rusiya olduğunu etiraf etsə də, ermənilər Ukraynanın Azərbaycan Ordusunu silahlandırdığına inanırlar. Səbəblərə təkcə Ermənistandakı ukraynalıların təhlükəsizliyindən narahat olmaq da daxil deyil.

 

ZN.UA mənbələrinə görə, Zelenskinin mövqeyinə, Fransa və ABŞ-ın Azərbaycan və Türkiyənin addımlarından narazı reaksiyaları da təsir edib. Və bu fikirlərdən sonra materialda dərhal belə bir xatırlatma verilir: Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasından sonra Ukrayna siyasətçiləri Bakıya silahla kömək etməyi təklif etdilər, lakin Ukrayna Prezidenti Ermənistana və ya Azərbaycana hərbi yardım variantının müzakirə predmeti olmadığını söylədi.

 

Ukrayna nəşrinin yazdığına görə, Baş nazirin müavini, strateji sənayeler naziri Oleq Uruski və xarici işlər naziri Dmitri Kuleba Prezidentin qərarı barədə şifahi olaraq məlumatlandırılmışdılar. Müdafiə sənayesindən məsul olan Uruski, “Ukroboronprom” və “Ukrspetsexport” rəhbərləri İqor Fomenko və Vadim Nozdraya müvafiq təlimat verməli idi. Ancaq oktyabrın sonunda daxili işlər naziri Arsen Avakovun “azacıq” köməyi ilə Prezident Azərbaycanla müqaviləni dayandırmaq qərarının yerinə yetirilmədiyini öyrəndi: “Ukrspetsexport” göyərtəsində bu ölkəyə P-18 üçün komponentləri olan bir təyyarə göndərdi. Və qalmaqal başladı.

Арсен Аваков: фото, биография, досье

Bununla birlikdə, ZN.UA yazır ki, Zelenskinin radarlar üçün Ukrayna komponentlərinin tədarükünü dayandırmağa qərar verərək, Lvov və Çuguev təyyarə təmiri zavodlarında Azərbaycan MiG-29 və L-39 təyyarələrinin təmirini niyə təxirə salınmadığı tamamilə aydın deyil. Ukrayna nəşrinin həmsöhbətləri də bunun səbəbini izah etməkdə çətinlik çəkdilər.

 

Ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko da öz növbəsində AYNA-ya açıqlamasında, Kiyev mediasında yayımlanan məqaləyə münasibət bildirib: “Peşəkar karyeramda, adı açıqlanmayan, lakin “çox etibarlı” bir mənbəyə istinad edərək, bəzi şok məlumatlar səsləndirməkdən daha çox, faktlara və rəsmi açıqlamalara etibar etməyə alışmışam. ZN.UA-nın materialındakı məlumatlar məhz belə bir mənbədən, yəni faktlar və təsdiq olmadan, şayiə səviyyəsində səsləndirilir”.

 

“Qeyd etmək istərdim ki, son illərdə Prezident Aparatına qarşı hər cür əsassız məlumatlar dərc edilir və sonuncunun da bunlardan biri olduğunu istisna etmirəm. Üstəlik, hətta bu materialda P-18 radiolokasiya stansiyaları üçün komponentlərin tədarükünün ləğvinə baxmayaraq, Lvov və Çuguev təyyarə təmiri zavodlarında Azərbaycan MiG-29 və L-39 təyyarələrinin təmirinin davam etməsindən söhbət gedir. Bunun səbəbi nədir? Məsələ burasındadır ki, P-18 üçün komponentlərin tədarükü ilə bağlı öhdəliklərin yerinə yetirilməsini izləmək MiG-29 və L-39-un təmirinə dair göz qabağında olan öhdəliklərin yerinə yetirilməsini izləməkdən daha çətindir. Buna görə də bu mövzu ilə manipulyasiya etmək daha asandır”, - ekspert vurğulayıb.

 

Öz tərəfimizdən əlavə edək ki, ZN.UA-nın göstərilən materialında belə, Arsen Avakovun skandalın böyüməsinə kömək edən bir şəxs kimi rolunun gizlin qalmadığı önə çəkilir. Onu da qeyd edək ki, Azərbaycana silah tədarükünə açıq şəkildə qarşı çıxan da məhz Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri idi. Üstəlik, Avakov Ukrayna siyasətçiləri, politoloqları və jurnalistlərinin kifayət qədər geniş bir dairəsinə təsir göstərir və böyük siyasi ambisiyalara malikdir. Və Kiyevlə Bakı arasındakı münasibətləri soyuda biləcək lazımi məlumatları “sızdıraraq”, Ukrayna Prezidentinə qarşı edilən hücumda iştirak etdiyini də istisna etməzdim. Xüsusilə indi, daşların hər tərəfdən Vladimir Zelenskinin bostanına tərəf atıldığı bir zamanda...

Müəllif: Əkbər Həsənov