"Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İranla bağlı üçtərəfli görüş keçirməyi təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü "Hürriyet" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Ərdoğan bu təklifi yanvarın 27-də ABŞ Prezidenti ilə telefon danışığı zamanı irəli sürüb. Türkiyə lideri ABŞ, İran və Türkiyə arasında, ehtimal ki, videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsini istəyib.
Qəzetin köşə yazarı Hande Fırat yazır: "Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir".
“Hürriyet" həmçinin İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftə həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcəyini bildirib. Türkiyə və İran xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışaraq İranla bağlı son hadisələri və regionda gərginliyin azaldılması səylərini müzakirə ediblər.