Ərdoğan niyə tankların "önünə keçdi"?

Dünya

05.02.2023 - 10:15

Professor: “Ankaranın Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişməyib”

Sabiq dövlət müşaviri: “Rusiya nəinki region üçün, bütün dünya üçün təhlükəli dövlətə çevrilib”

Politoloq: “Bəzi dövlətlərin müharibədən öz maraqları naminə istifadə etməyə çalışması istisna deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya Qərb tərəfdaşları tərəfindən tanklar göndərilməsini tənqid edib. TRT-yə müsahibəsində Ərdoğan bildirib ki, tankların Ukrayana göndərilməsi həll yolu deyil: "Tankların göndərilməsi həll yoludur deyə bilmərəm, çünki bu, risklidir və daha çox silah alverçilərinin xeyrinədir". Türkiyə lideri ölkəsinin sülhdən yana olduğunu vurğulayıb: “Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ehtiyac olduğu təqdirdə tez-tez telefon danışığı aparıram”.

Qeyd edək ki, Ərdoğan təxminən bir ay öncə də Ukrayna müharibəsinin silah tacirləri üçün qazanc mənbəyinə çevrildiyini söyləmişdi. Ərdoğan Antalyada Dokumapark Müasir İncəsənət Qalereyasında keçirilən “Qadınlarla Böyük Türkiyə Yolunda” proqramında çıxış edərkən bildirmişdi ki, Türkiyə sülhpərvər mövqeyinə görə, hazırda dünyanın diqqət mərkəzindədir: “Dünya Rusiya-Ukrayna müharibəsinə müdaxilə edə bildimi? Xeyr. Onların hamısı silah satıcılarına kömək edir. Dünyanın silah tacirləri harada, necə və nə qazanacaqlar, buna çalışırlar. Biz isə sülhə necə nail ola bilərik, buna çalışırıq”.

“Biz həm cənab Putinlə, həm də cənab Zelenski ilə telefonla danışırıq, müharibəni dayandırmaq, tərəflərin sülhə gəlməsi üçün nə edə bilərik, bunu öyrənməyə çalışırıq. Bu səmimiyyətlə yolumuza davam edirik. Çünki bilirik ki, dünya yalnız sülh üzərində bərqərar olub”, - Türkiyə lideri bəyan etmişdi.

Bir çox yerli və xarici analitiklər tərəfindən Türkiyə liderinin bu mövqeyi tənqid olunur. İddia edilir ki, Ərdoğan özündə sülhə çağırış ehtiva edən bəyanatlarla əslində işğalçı Rusiyanı düşdüyü vəziyyətdən çıxarmaq niyyəti güdür.

Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl isə bu fikirlərlə razı deyil. Professor AYNA-ya açıqlamasında bildirib ki, Türkiyə müharibəyə qarşı olduğunu ilk gündən bəyan edib.

“Məlumdur ki, rəsmi Ankara hələ 2014-cü ildən Ukraynanın yanında olduğunu açıqlayıb. Türkiyənin tutduğu siyasi mövqe açıq və dəqiqdir:  Türkiyə Ukraynanın suverenliyini qəbul edir, ərazi bütövlüyünü tanıyır və bunun bərpa olunmasını istəyir. Çünki Ukraynanın ərazi bütövlüyünün pozulması beynəlxalq hüquqa da, dövlətlərarası münasibətlərin tənzimlənməsi qanunlarına da ziddir”, - T.İsmayıl qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ilin 24 fevralından əvvəl də Türkiyə müharibənin başlamasını istəmədiyini açıq şəkildə bəyan etmişdi: “Müharibənin olmaması üçün Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çalışdı, bunun üçün bir çox addımlar atdı. Müharibə başladıqdan sonra da bunun dayanması üçün vasitəçilik missiyasını davam etdirdi. İndi də bu mövqeyini davam etdirməkdədir. Təbii ki, Ukraynaya tankların göndərilməsi, digər ağır silahların göndərilməsi sülhə töhfə vermir. Məncə, Türkiyə Prezidentinin də dediyi budur. Bu, sadəcə olaraq silah alverçilərinə töhfə verir”.

Politoloq Ərdoğan tərəfindən belə bəyanatların qarşıdan gələn prezident və parlament seçkiləri kampaniyasına hesablanması fikri ilə razı deyil: “Yenə deyirəm, bu, rəsmi Ankaranın yeni mövqeyi deyil. Türkiyə sülhdən yana olduğunu, bunun üçün hər vasitə ilə yardımçı olmağa hazır olduğunu bəyan edib. Və Ankaranın Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişməyib. Ona görə də belə bir bəyanatın seçkilərə hesablanması fikri absurddur”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin yanaşması isə fərqlidir. Analitik AYNA-ya bildirib ki, bütün dünya Rusiyanın işğalçılıq siyasətinə qarşıdır: “Təbii ki, Türkiyə də işğala qarşı olduğunu dəfələrlə bəyan edib. Ankara Ukraynanın ərazi bütövlüyünü Krım daxil, tanıyır. Müharibənin əvvəlindən də bu haqda bəyanatlar verilib. Hətta Ukraynaya Türkiyə tərəfindən humanitar yardımla yanaşı, silah yardımı da edilib”.

“Cənab Ərdoğanın Ukraynaya tanklar, ağır silahlar tədarükü ilə bağlı dedikləri açığı məni təəccübləndirdi. Faktiki olaraq, Rusiya nəinki region üçün, bütün dünya üçün təhlükəli dövlətə çevrilib. Hətta bu dövlətin terrorçu olduğu haqqında dünya liderləri tərəfindən bəyanatlar səsləndirilir. Dünyanı nüvə silahı ilə təhdid edən bir ölkəyə qarşı dirəniş göstərən Ukraynanın bütün dövlətlər öz gücləri ilə yanında olmalıdırlar. Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz”, - Q.Hüseynli əlavə edib.

Politoloq hesab edir ki, əgər Rusiya bu müharibədə qalib gəlsə, o zaman bu, Türkiyə üçün də, Azərbaycan üçün də zərərlidir: “Türkiyənin indi maraqları müəyyən mənada Rusiya ilə üst-üstə düşə bilər. Amma bu maraqlar əbədiyyən heç vaxt üst-üstə düşməyəcək. Rusiya indi diz çökməyə doğru gedir, ona görə də regionun ən qüdrətli dövləti olan Türkiyə ilə hesablaşmağa məcburdur. Lakin müharibədən qalib ayrılandan sonra yenidən öz əvvəlki siyasətinə qayıdacaq. Ona görə də, düşünürəm ki, Rusiyanın diz çökdürülməsi prosesində Türkiyə də imkanları qədər yardımçı ola bilər”.

Politoloq İlyas Hüseynov da AYNA-ya bildirib ki, Türkiyənin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi aydındır: “Rəsmi Ankara Ukrayna ərazilərinin işğalına qarşıdır. Bu barədə Türkiyə rəsmiləri də, Ərdoğan da dəfələrlə mövqeyini bildirib. Nəzərə almaq lazımdır ki, Türkiyə üçün ilk növbədə öz milli maraqlarıdır. İndi milli maraqlar Rusiya ilə əməkdaşlığı da tələb edir. Ümumiyyətlə isə Türkiyə lap əvvəldən müharibənin əleyhinə olduğunu bildirib və bu mövqeyi dəyişməyib. Ərdoğanın son bəyanatı da Ankaranın mövqeyində dəyişiklik olmadığını göstərir”.

İ.Hüseynov onu da qeyd edib ki, bəzi dövlətlərin müharibədən öz maraqları naminə istifadə etməyə çalışması istisna deyil: “Belə ki, köhnə nəsil texnikaları Ukraynaya göndərməklə ABŞ-dan müasir 4 və 5 -ci nəsl silahlara sahib olmağa üstünlük verirlər”.

Müəllif: Anar Bayramoğlu