"Tələbimiz tamamilə aydındır: Hörmüz boğazının açılması üçün qoyduğumuz yeddi şərt yerinə yetirilməlidir”
“ABŞ mövqeyini dəyişməli və Hörmüz boğazının açılması ilə bağlı danışıqlara başlamaq üçün İranla sülh razılaşmasına nail olmaq niyyətini açıq şəkildə bildirməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi "İran" qəzetinə verdiyi müsahibədə deyib.
XİN başçısı ABŞ Prezidenti Donald Trampın ABŞ-ın artıq Respublika ilə razılaşmaya ehtiyacı olmadığı barədə son açıqlamasını şərh edərkən bildirib: "Amerika tərəfindən heç bir cavab almamışıq. Ona görə də, əgər onlar həqiqətən də razılaşma bağlamaqda ciddidirlərsə, əvvəlcə onların mövqelərini dəyişmələrini gözləməyimiz təbiidir".
Əraqçi həmçinin qeyd edib ki, Tehran Vaşinqtondan sülh müqaviləsi bağlamaq istəyini açıq şəkildə bildirməsini və tərəflər arasında bir sıra etimad yaradan tədbirlərin görülməsini tələb edir.
Nazirin sözlərinə görə, əgər Amerika tərəfi bu iki şərti yerinə yetirərsə, İran saziş layihəsini və onun həyata keçirilməsini müzakirə etməyə hazırdır.
"Tələbimiz tamamilə aydındır: Hörmüz boğazının açılması üçün qoyduğumuz yeddi şərt yerinə yetirilməlidir. Əlbəttə ki, amerikalıların bu şərtlərin yerinə yetirilməsi ilə bağlı hər hansı təklifi və ya fikri varsa, biz onları müzakirə etməyə hazırıq. İranın tələbləri yerinə yetirilərsə, Hörmüz boğazı açılacaq. Bu şərtlərin həyata keçirilməsinin detallarını və metodlarını müzakirə etmək lazım gəlsə belə, ekspert səviyyəsində danışıqlara hazırıq", - deyə o əlavə edib.