Spiker: “Fransa əlcəzairlilərin qanuni ədalət hüququnu təmin etməlidir”
Fransa ötən əsrdə Əlcəzair Saxarasında törədilən nüvə cinayətlərinə görə tam məsuliyyətini rəsmən etiraf etməlidir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əlcəzairin Milli Xalq Assambleyasının (parlamentin aşağı palatası) sədri Brahim Buqali bildirib.
“Fransa Saxara bölgəsində nüvə cinayətlərinə görə özünün tam məsuliyyətini rəsmən etiraf etməlidir və təkcə səthi siyasi tanınma deyil, bunun ardınca açıq-aydın mənəvi öhdəlik götürməlidir”, spiker qeyd edib.
“Fransa nüvə partlayışları qurbanlarına və onların ailələrinə yaşadıqları faciəyə nisbətdə ədalət göstərməli və əlcəzairlilərin qanuni ədalət hüququnu təmin etməlidir. Paris radioaktiv və nüvə tullantılarının zərərsizləşdirilməsi üçün məsuliyyəti öz üzərinə götürməli və bütün sınaq meydançalarının arxivlərini Əlcəzairə qaytarmalıdır ki, mütəxəssislərimiz dəymiş ziyanı qiymətləndirə və müvafiq tədbirlər görə bilsinlər”, - Buqali bildirib.
Fransa hökuməti 1958-ci ildə milli nüvə proqramına başlamaq haqqında rəsmi qərar qəbul edib. Əslində ölkə ABŞ, SSRİ və Böyük Britaniyadan sonra nüvə dövləti statusunu Şarl de Qollun hakimiyyəti illərində, 1960-cı ilin fevralında Əlcəzairin Saxara səhrasında ilk fransız atom bombasının sınaqdan keçirilməsi zamanı alıb.
1960-1966-cı illər arasında Fransa hakimiyyəti Əlcəzairin müxtəlif yerlərində ondan çox nüvə sınağı, o cümlədən yeraltı sınaqlar keçirib. 1830-1962-ci illərdə Əlcəzair Fransanın müstəmləkəsi olub.