“Dövlət Qərbi Azərbaycan Respublikasına dəstək verməlidir” – <font color=red> DEPUTAT</font>

Siyasət

13.05.2020 - 14:41

Fazil Mustafa: “Təşəbbüsün daha uğurlu olması üçün nüfuzlu insanların bir araya gəlmələri vacibdir”

 

Məlum olduğu kimi, bu yaxınlarda Türkiyədə Qərbi Azərbaycan Respublikasının elan olunması ilə bağlı ard-arda xəbərlər yayıldı və bu xəbərlər Azərbaycanda hay-küyə səbəb oldu.

 

Belə ki, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən bir video-konfransda Qərbi Azərbaycan Respublikasının yaradıldığı elan edildi. Professor bildirdi ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətlərinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün belə bir qətiyyətli addım atılıb: “Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəralı bir addım atıldı”.

 

Milli Məclisin deputatı, Böyük Qurtuluş Partiyasının (BQP) sədri Fazil Mustafa AYNA-ya açıqlmasında sözügedən addımı alqışlayıb: “Bu təşəbbüs əhəmiyyətli dərəcədə vacibdir. Lakin bu təşəbbüs əhəmiyyətli olduğu qədər, həm də gecikmiş bir təşəbbüsdür. Əslində, bu istiqamətdə çoxdan addımlar atılmalıydı və müəyyən dərəcədə beynəlxalq platformaya da çıxarılmalıydı. Amma, adətən belə hadisələrə fərqli platformalardan münasibət bildirmək lazımdır. Fərqli platforma isə odur ki, bir çox yerlərdə insanlar bu kimi məsələlərdə daha çox avtoritet, daha çox problemin yükünü götürə biləcək komandanın olmasına diqqət yetirirlər. O komanda həm təbliğat, həm də dünyaya çıxış baxımından olduqca vacibdir. Ona görə də bunu formalaşdırmaq lazımdır”.

 

“Təbii ki, buna dövlət orqanları da dəstək yetirməlidir və bunu gücləndirmək üçün səy göstərməlidirlər. Amma dediyim kimi, bu məsələdə keyfiyyətli bir forma seçilməlidir. Biz Qarabağ İcması və bu kimi başqa məsələlərlə bağlı da bu sıxıntıları yaşamışıq. Ona görə də bunu dünya miqyaslı prosesə çevirə bilməmişik. Bu təşəbbüsün də “ölü doğulmuş model” olmaması üçün daha sanballı, daha hazırlıqlı və Qərbi Azərbaycan miqyasında və əhali arasında müəyyən dərəcədə nüfuz sahibi olan insanların bir araya gəlməsi ümumi işin faydasına olardı”, - deputat deyib.

 

F.Mustafa prosesin davamlı olacağını ehtimal edir: “Bununla yanaşı, prosesin davamlı olması üçün müəyyən dərəcədə və açıq formada olmasa da, həm Türkiyə, həm də Azərbaycan tərəfindən dövlət dəstəyinə ehtiyac var. Çünki bu, ciddi məsələdir və bu ciddi məsələni beynəlxalq platformada, bu aspektdə daşıya bilməliyik. Bu baxımdan da buna adi, duyğusal formada yanaşmaq olmaz. Əgər, həmin insanlar xoş niyyətlə bu prosesi irəlilətmək istəyirlərsə, daha ciddi siyasi platforma kimi bundan istifadə etməlidirlər. Əlbəttə, bu, elə məsələdir ki, hansısa formada dövlət buna dəstək verməlidir. Ki, təşəbbüsü daha da inkişaf etdirib nəyəsə nail olmaq mümkün olsun”.

Müəllif: Mərahim Nəsib