Direktor olmaq üçün 4200-dən çox namizəd müraciət edib

Xəbərlər

12.02.2021 - 12:43

Müsabiqə dörd mərhələdən - elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmədən ibarətdir

 

Fevralın 10-dan başlayan direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 900-dən çox namizəd qeydiyyatdan keçib.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, 2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində keçirilən elektron sənəd qəbulu mərhələsinin nəticələri nəzərə alınmaqla, ümumilikdə 4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib.

 

Müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

 

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 23:59-dək qeydiyyatdan keçə bilərlər. Bu il ilk dəfə olaraq fevralın 19-da direktorların işə qəbulu üzrə ilk elektron sınaq imtahanı keçiriləcək.

Müəllif: Ayna.az