İmtahanda iştirak etmək üçün 1134 namizəd qeydiyyatdan keçib
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirir.
DİM-dən AYNA-ya bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlayıb. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayıblar.
İmtahan müddəti direktor və direktor müavinlərinin işə qəbulu imtahanında üç saat, müəllimlərin işə qəbulu imtahanında isə iki saatdır.
Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində beş binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1134 namizəd (86 nəfər direktor, direktor müavini, 1048 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün beş ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahanda yeddi nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil) namizəd də iştirak edir. Bu namizədlərin rahat şəkildə imtahan verməsi üçün zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.