Cinayət və cəza: onları nə gözləyir?

Aktual

09.10.2023 - 10:17

Hüquq müdafiəçisi: “Onlar Azərbaycan xalqına və dövlətinə qarşı ən ağır cinayətləri törətmiş şəxslər olaraq, ən ağır şəkildə cəzalarını almalıdırlar”

Qarabağda artıq ləğv edilmiş qondarma qurumun baş separatçıları, Azərbaycan xalqına və dövlətinə qarşı terrorun təşkilində, icrasında iştirak etmiş şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılır və istintaqa cəlb olunurlar. Onlara Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri açılıb, barələrində həbs qətimkan tədbirləri seçilib.

Yaxalananlar arasında qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan da var. Eyni zamanda, qondarma qurumun “parlament sədri”, “təhlükəsizlik şurasının sədri”, “müdafiə naziri” kimi bir çox “vəzifələrdə” olmuş erməni separatçıları saxlanılıb.

Ekspertlər hesab edirlər ki, separatçı xunta rejiminin “rəhbərliyində” olmuş şəxslərin, həmçinin qondarma qurumun təşkilində iştirak etmiş, Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər, soyqırımıları törətmiş şəxslərin hüquq-mühafizə orqanlarımız tərəfindən yaxalanması, istintaqa cəlb edilməsi prosesi davam edəcək. Çünki Azərbaycanın siyahısında adlar çoxdur və indi həbs edilənlər bu canilərin hamısı deyil.

Proseslə bağlı AYNA-nın suallarını Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov cavablandırıb:

- Baş Prokurorluğun rəsmi açıqlamasında qeyd edilmişdi ki, qondarma qurumun fəaliyyətində iştirak etmiş 300-dən artıq şəxs Azərbaycanın axtarışındadır. Rəsmi mövqe ortaya qoyulubsa, aydındır ki, həmin şəxslərin geç-tez cinayət məsuliyyətinə cəlb olunması təmin ediləcək. Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, müharibə cinayətlərində, bəşəriyyət əleyhinə olan cinayətlər işləyənlərlə bağlı müddət məsələsi yoxdur. Elə cinayət növləri var ki, orada məsuliyyətə cəlb etmə üçün müddətlər nəzərdə tutulub. Bizim Cinayət Məcəlləsində də bu məsələ var. Lakin separatçıların ittiham olunduqları cinayət əməlləri bu müddət məsələsi ilə də məhdudlaşmır. Ona görə də hesab edirəm ki, Qarabağda cinayət törətmiş erməni separatçılarının saxlanılması, həbs edilməsi və istintaqa cəlb olunması prosesi davam edəcək.

- Hazırda DTX-nın istintaq təcridxanasında olan və istintaqı gedən Qarabağ separatçılarının rəhbərlərinin məhkəməsi hansı formada keçirilməlidir – qapalı, yoxsa açıq?

- Onların məhkəmələri açıq olmalıdır. Normalda onların məhkəmələrinin qapalı keçirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan qanunvericiliyinə görə, məhkəmə prosesləri o zaman qapalı keçirilir ki, təqsirləndirilən şəxsin, yaxud müdafiə tərəfinin, ittiham tərəfinin bununla bağlı vəsatəti olur. Vəsatət də əsaslandırılmalıdır, konkretləşdirilməlidir. Məsələn, dövlət sirri, kommersiya sirri, ailə sirri, bank sirri və s. kimi hallar vəsatətdə əsaslandırılarsa, məhkəmələr qapalı keçirilə bilər. Həbs olunan separatçıların cinayət işində bu məsələlərin heç biri yoxdur. Onlar Azərbaycan xalqına qarşı, dövlətinə qarşı cinayət törətmiş şəxslərdir. Ona görə də bu şəxslərin məhkəmələri birmənalı şəkildə açıq keçirilməlidir. Düşünürəm ki, məhkəmə prosesləri açıq keçiriləcək.

- İkinci Qarabağ müharibəsindən sonra da bu şəxslər Qarabağda qanunsuz fəaliyyəti davam etdiriblər, mina terroru törədiblər, müxtəlif silahlı təxribatlara əl atıblar. İndi istintaqa ifadələrində bu əməllərə Rusiya sülhməramlılarının də dəstək verdiyini, göz yumduğunu söyləyə bilərlərmi? Əgər ifadələrində Rusiya sülhməramlılarını günahlandırsalar, o zaman Azərbaycan rus hərbi kontingenti ilə bağlı hansı addımları ata bilər?

- Düşünmürəm ki, onlar bu cür ifadələr versinlər. Lap ifadə versələr belə, Rusiya sülhməramlı kontingenti bunu təkzib edəcək. Hansısa cinayətlərdə iştirak ediblərsə belə, bunu inkar edəcəklər. Rusiya Prezidenti sülhməramlıların finksiyaları barədə danışdı və bildirdi ki, guya, Qarabağda onların fəaliyyəti, statusu çox məhdud olub. Sadəcə rus hərbçiləri atəşkəsə nəzarət ediblər, atəş açılmaması istiqamətində maksimum çalışıblar. Məsələn, minaların basdırılması məsələsi ilə bağlı Rusiya sülhməramlıları deyə bilər ki, “biz də bilməmişik, nəzərimizdən qaçıb, bizdən gizlin ediblər” və s. Ruslar bunu düz deyəcək, səhv deyəcək – bu, ayrı məsələdir.

Amma hüquqi baxımdan götürsək, rusları separatçıların ifadəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmək çətindir. Fakt odur ki, 44 günlük müharibədən sonra da qondarma qurum Qarabağda fəaliyyətdə olub və təxribatları, terror aktlarını separatçılar törədiblər. Qərarları bu şəxslər veriblər, qərarların icraları bu şəxslər tərəfindən həyata keçirilib. İndi yaxalanıb Bakıya gətirilən erməni separatçılarına açılan cinayət işləri, maddələr, onları həbsdə saxlamağa kifayət edir.

- Bu cinayətkarlara qarşı açılan cinayət işləri onların ömürlük həbsdə qalmasına yetirmi?

- Bu, məhkəmələrin verəcəyi qərardan asılıdır. Amma ittiham olunduqları maddələr ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan maddələrdir. Özü də bir şəxs bir neçə maddə ilə ittiham olunur, hansı ki, həmin maddələr ağır maddələrdir. İşxanyanın ittiham olunduğu maddələrin sayı, deyəsən, az idi, qalanları təxminən 8-10 maddə ilə ittiham olunurlar. Amma hər birinin ittiham olunduğu maddələr sırasında ən azı bir maddə var ki, o maddə ömürlük azadlıqdan məhrumetməyə yetərlidir. Ona görə də istisna deyil ki, onlara Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulan ən ağır cəza – ömürlük həbs cəzası verilsin.

Burda bir məqamı unutmamalıyıq. Əgər onlardan hansısa yaşı 65-dən yuxarıdırsa, həmin şəxsə ömürlük həbs cəzası verilməyəcək. Çünki Azərbaycan Cinayət Məcəlləsində göstərilir ki, ömürlük azadlıqdan məhrumetmə cəzası 65 yaşdan yuxarı kişilərə və qadınlara tətbiq edilmir. Mən bildiyim qədər onların içərisində 65 yaşdan yuxarı şəxs yoxdur. Olsa da, Arkadi Qukasyan o həddi keçmiş olar, çünki o, hamısından yaşca daha böyükdür.

- Bu separatçıların sonradan Ermənistana və ya başqa ölkəyə ekstradisiyası mümkündürmü?

- Nəzəri baxımdan, mümkündür. Amma bunda da bir əmma var. Belə ki, gərək dövlətlər arasında məhkumların ekstradisiyasını nəzərdə tutan saziş olsun. Onlar hara ekstradisiya olunacaqlar? Tutaq ki, Ermənistan vətəndaşlardır. Azərbaycanla Ermənistan arasında isə diplomatik əlaqələr yoxdur, hüquqi sənədlər mövcud deyil. Belə olan halda separatçıların ekstradisiyası mümkün deyil. Düzdür, üçüncü bir dövlətə də ekstradisya oluna bilərlər. Bu isə artıq hüquqi yox, siyasi qərara bağlı olan məsələdir.

Hansısa bir mərhələdə Azərbaycan hesab etsə ki, humanist addım atmaq lazımdır, bunlardan hansınısa hansısa ölkəyə ekstradisiya edə bilər. Amma düşünmürəm ki, bu, yaxın müddətdə mümkün olsun. Ən azı beş il onlar Azərbaycan həbsxanalarında saxlanılacaqlar. Düşünürəm ki, bu şəxslər Azərbaycan xalqına və dövlətinə qarşı ən ağır cinayətləri törətmiş şəxslər olaraq, ən ağır şəkildə cəzalarını almalıdırlar.

- Məlumdur ki, Ermənistanın keçmiş prezidentləri – Robert Köməryan, Serj Sarkisyanın, keçmiş müdafiə naziri Seyran Ohanyan və digərlərini - hansılar ki, hazırda Ermənistan ərazisindədirlər - Azərbaycan İnterpol xətti ilə axtarışa verib. Bu günlərdə Ermənistan Roma Statutunu ratifikasiya etdi. Bundan sonra Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsindən bu şəxslərin Bakıya təhvil verilməsini tələb edə bilərmi?

- Təəssüf ki, yox. Birincisi, ona görə ki, Azərbaycan özü Roma Statutunu ratifikasiya etməyib, Beynəlxalq Cinayət Məhkəməsində tərəfdaş deyil. İkincisi, Ermənistan özü onu yalnız indi - 2023-cü ildə ratifikasiya edib. Adları çəkilən şəxslərin isə törətdiyi cinayətlər əvvəlki dövrü əhatə edir. Yəni Roma Statutu ilə Köçəryanın, Sarkisyanın və digərlərinin Azərbaycana təhvil verilməsi mümkün deyil. Lakin siyasi iradə olarsa, Ermənistan həmin şəxsləri öz qanunvericiliyinə əsasən, mühakimə etməlidir. Yəni ki, Ermənistan qanunlarına görə də müharibə cinayətləri, bəşəriyyət əleyhinə hərəkətlər cinayət sayılır. Sarkisyan, Köçəryan, Ohanyan əslən Qarabağdan olsalar da, faktiki Ermənistan vətəndaşlarıdır. Bu vətəndaşlıq statusu onların üzərində Ermənistan dövlətinin yurisdiksiyasını yaradır. Ona görə də Ermənistan istəsəydi, yaxud bundan sonra istəsə, həmin şəxsləri cəzalandıra bilər. Bunu Ermənistan etməyəcəksə, Azərbaycan öz qanunlarına uyğun şəkildə həmin cinayət törətmiş şəxsləri mühakimə edəcək. Burada isə heç bir beynəlxalq konvensiyaya qoşulma tələb olunmur.

- Bu canilər Ermənistan xaricinə çıxarkən, onların İnterpol xətti ilə tutulub Azərbaycana təhvil verilmələri nə dərəcədə mümkündür?

- Əlbəttə, nəzəri baxımdan mümkündür. Amma praktiki baxımdan bunu həyata keçirmək çətindir. Bu məsələdə çətinlik yaradan amillərdən biri də bu şəxslərin Ermənistanın eks-prezidentləri olmalarıdır. Onlar bir dövlətin rəhbərləri olublar, o dövlətin adından çıxış ediblər. Səhv etmirəmsə, Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası Avropa qurumlarında təmsil olunur. Bunları nəzərə alsaq, onların İnterpol vasitəsilə saxlanılması və Azərbaycana gətirilməsi praktik baxımından çətinlik yaradır. Amma istisna deyil ki, Azərbaycana hansısa dost bir ölkə, yaxud da neytral bir ölkə baxa bilər ki, bu şəxslərin saxlanılmasına əsaslar var. Bu əsaslarla saxlaya, Azərbaycana təhvil verə bilərlər.

Bu, bir prosesdir, beynəlxalq münasibətlərin gedişidir, hüquqi vəziyyətlərdir ki, zaman elə gətirər ki, hər şey mümkün ola bilər. Yəni bu cinayətkarların Azərbaycana gətirilməsi, cinayət məsuliyyətinə cəlb olunmaları istisna deyil.

Müəllif: Anar Bayramoğlu