Camaat qaz hayındadır, “Azəriqaz” say axtarır

Cəmiyyət

13.05.2020 - 20:05

Bu gün bir sıra ərazilərdə qaz böhranı yaşanıb

 

Bu gün səhər saatlarından etibarən Bakı və Abşeron yarımadasının bir hissəsində mənzillərə qaz təchizatının verilməsi dayanıb. Fasilə axşam saat 18.00-dək davam edib.

 

Baxmayaraq ki, gündəlik, günaşırı ayrı-ayrı yerlərdə qaz kəsinti halları baş verir, bu dəfəki böhranı miqyası daha geniş oldu. Bəs, haralarda yaşandı bu problem. AYNA məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib (Qeyd edək ki, sorğu hazırlanan zaman qazın verilməsi hələ bərpa edilməmişdi).

 

Zaur Dadaşov: “Qəza olub, Binəqədi və mikrorayonlarda qaz kəsilib”.

 

Şəhla İsmayıl: “Səhərdən Türkan qəsəbəsində qaz olmayıb”.

 

Ramilə Qurbanlı: “Lökbatanda da kəsildi qaz”.

 

Tural Məmmədov: “Xırdalanda və Novxanıda qaz yoxdur”.

 

Anar Bayramoğlu: “Xırdalanın bəzi yerlərində, misal üçün, “Quşçuluq massivi” deyilən ərazidə qaz yoxdur”.

 

Rəşad Vaqifoğlu: “Masazırda səhərdən yoxdur”.

 

Emin Murad: “Masazır qazsız qalıb”

 

İlkin Muradov: “Sabunçuda qaz gəlir, amma çox zəif. Yay rejiminə keçiblər”.

 

Günel Səfərova: “Binəqədi rayonunda yoxdur”.

 

Ülkər Bayramova: “Masazırda, “Yeni Baki” yaşayış kompleksində qaz kəsilib”.

 

Emin Hüseynzadə: “8-ci mikrorayonda yoxdur”.

 

Və bu gün Bakı və Abşeronun ayrı-ayrı qəsəbələrində təbii qazın verilişindəki fasilənin yaranması karantin günlərində yüzlərlə vətəndaşın narahatlığına səbəb olub. Aidiyyəti qurum olan “Azəriqaz” İB, Xəzər rayonu Türkan qəsəbəsində qaz kəsintisinin səbəbinə belə açıqlıq gətirib: ““Aqroprom bağları” deyilən əraziyə gedən yol kənarındakı qaz xəttinə yük avtomobili aşıb, nəticədə boru xətti zədələnib. Masazır qəsəbəsində isə qaz xətlərindəki sızıntı səbəbindən təmir işlərinin aparılması qazın verilməsində fasilə yaradıb”.

 

P.S. Maraqlıdır ki, “Azəriqaz” o boyda rəsmi internet səhifəsi işlədir, sayta bu günə ancaq abonent sayı ilə bağlı məlumat yerləşdirilib. Belə çıxır ki, elə quruma yalnız abonent sayını artırmaq lazımdır, keyfiyyətli xidmət onlarlıq deyil. Nə vaxta qədər vətəndaş kütləviləşən problemin səbəbini telefon xətlərinə yüklənərək, ayrı-ayrı şəxsləri, mətbuat katibini axtarmaqla öyrənməlidir? Görünür, hələ uzun müddət!

Müəllif: Raminə Eyvazqızı