Bunun harası yarmarka oldu - Gözdən pərdə asmaq, yoxsa...

İqtisadiyyat

23.11.2022 - 14:10

Kənddən birbaşa gələn məhsulların qiymətləri şəhərdəki ilə eynidir: bazar yarmarkaları niyə kömək etmədi?

Paytaxtın rayonlarında yenidən kənd təsərrüfatı yarmarkaları keçiriləcək, bu da qiymətlərin pik həddə çatmasının qarşısını almaq  üçün nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, 19-20 noyabr tarixlərindən etibarən profilli struktur tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

KTN rəsmiləri əmindirlər ki, bu, kənd təsərrüfatı istehsalçılarımıza zəhmətlərinin bəhrəsini satmaq, paytaxt sakinlərinin isə bol tərəvəz, meyvə və digər məhsullar ala bilmək üçün alternativ kanaldır. Bunun üçün ölkənin 50 rayonundan 80 fermer şəhərə gələcək. Onlara pulsuz olaraq piştaxta, tərəzi, soyuducu və digər avadanlıq veriləcək, hətta maddi-texniki dəstək də göstəriləcək.

Bildirilir ki, yarmarkalarda məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət olunacaq. Burada qida keyfiyyətinə nəzarət laboratoriyası fəaliyyət göstərəcək. Yarmarkalar özləri Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 5 (“Gənclik” metrostansiyasının çıxışı) ünvanında açılacaq.

Alıcıların sözlərinə görə, bu yarmarkalarda qiymətlər paytaxt bazarlarındakı orta qiymətlərdən az fərqlənir. Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov AYNA-ya açıqlamasında illərdir ki, burada belə yarmarkaların keçirildiyini deyib: “Bəli, rayonlardan kənd təsərrüfatı istehsalçıları öz məhsullarını ora gətirirlər, lakin qiymətlər, bir qayda olaraq, orta bazar qiymətləri ilə eynidir. Hər zaman bu haqda danışırıq, amma mənası yoxdur”.

“Adi bazarlardan mal almaq daha sərfəlidir, çünki orada daha ucuz olur. Amma nəzəri cəhətdən kənd təsərrüfatı yarmarkaları təkcə yerli kənd təsərrüfatı məhsullarının satışını təmin etmək üçün deyil, həm də qiymətləri aşağı salmaq üçün nəzərdə tutulub. Amma nədənsə bu, baş vermir”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynovun sözlərinə görə, bütün dünyada keçirilən yarmarkalar regionlarda istehsal olunan məhsul və malları tez bir zamanda ticarətə cəlb etməyə imkan verir: “Beləliklə, birincisi, yerli istehsalın artımına təkan verir, ikincisi, istehlakçılar mütəmadi olaraq uyğun qiymətə təzə təbii məhsullar ala bilirlər. Bir sözlə, qiymətlər aşağı düşür, təklif artır”.

Lakin Bakıya gələn fermerlər qiymət etiketlərinin aşağı salınmasında maraqlı deyillər. Həmsphbət olduğumuz satıcıların sözlərinə görə, hətta indiki qiymətlərlə satmaq onlar üçün o qədər də sərfəli deyil, çünki rayondan şəhərə gəlmək əlavə xərcdir.

Doğrudan da, Bakıda onlar mənzil kirayələməlidirlər və daha yaxşı olar ki, bazara yaxın olsun. Amma bu ərazidə kirayə haqqı paytaxtda ən yüksək qiymətlərdən biridir. Bakı yarmarkalarına gələn digər kənd sakinləri bunu yerli icra hakimiyyətlərinin göstərişi ilə məcburi etdiklərini deyirlər. Mövcud qiymətlərlə məhsullarını öz rayonlarında da sata bilərlər.

Öz növbəsində, ekspertlər epizodik tədbirlərin aşağı effektivliyini vurğulayırlar. Süni şərait və direktiv qiymət təzyiqi isə onların fikrincə, bu təşəbbüsün kök salmasına və gələcək artım üçün təbii stimul almasına açıq şəkildə kömək etmir.

“Əvvəlcədən məlum idi ki, bu tədbirlər bahalaşma problemini həll etməyəcək. Üstəlik, epizodik xarakterinə və sistemli yanaşmanın olmamasına görə satış bazarlarının genişlənməsinə töhfə verə bilmirlər. Həqiqətən də, nəzərəçarpacaq səmərəlilik amilinə nail olmaq üçün belə təşəbbüslərin fermerin vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması üçün kompleks sistemli yanaşma sisteminə uyğunlaşdırılması arzuolunandır. Başqa sözlə, Kənd Təsərrüfatı Nazirliyinin özəl tədbirləri təsərrüfatların və istehlakçıların maraqlarını nəzərə alan ardıcıl sistemin və səlahiyyətli dövlət siyasətinin tərkib hissəsi olmalıdır”, - deyə kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli AYNA-ya şərhində söyləyib.

Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının qiymətini aşağı salmaq üçün paytaxtın periferiyasında topdansatış bazarlarının sayını artırmaq lazımdır. Eyni zamanda, anlamaq lazımdır ki, fermer özü istehsalçısı kimi öz rolu ilə məhdudlaşır, o, zəhmətə bağlıdır və kommersiya bazarının reallıqlarına uyğunlaşdırılmayıb. Kənd təsərrüfatı məhsullarının treyderlər vasitəsilə dolayı satışı təcrübəsi bütün dünyada mövcuddur və bu seqment topdansatış bazarlarının genişlənməsi və vasitəçilər üçün əlçatan olması baxımından ciddi diqqət tələb edir.

Müəllif: Emma Rzayeva