Fermerlərin məhsulları TIR-larda xarab olur: Axı, yük daşınmasına icazə var

İqtisadiyyat

07.06.2020 - 12:22

Qubad İbadoğlu: “Hazırda yük daşınmalarında yaradılan süni çətinlik, onsuz da zəif olan qeyri neft-ixracatını daha da azaldacaq”

 

“İki günlük sərt karantin dövründə yük daşımalarına icazə verilməsinə baxmayaraq, kənd təsərrüfatı istehsalçılarının məhsulları yüklənmiş TIR-lar Bakı şəhərindən buraxılmır. Rusiyaya daşınmalı olan malların yalnız bazar ertəsi səhər saat 6-dan sonra şəhərdən buraxılacağı gözlənilir. Hazırda yük maşınlarında kartof, pomidor, çiyələk və başqa kənd təssərüfatı məhsulları daşınır. Bu halda yüklənmiş malların xarab olma riski də yüksəkdir. Digər tərəfdən soyducular fasiləsiz işlədiyindən gündəlik 50 litr yanacaq sərf edilir ki, bu da əlavə xərclərə gətirib çıxarıraq, iş adamlarına maddi ziyan vurur. Bütün bunlar ixracatçılar arasında ciddi narazılıq yaradıb”.

 

AYNA bildirir ki, bu sözləri Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı-professor Qubad İbadoğlu deyib. Professor onu da bildirib ki, bazar ertəsi günü səhərdən başlayaraq eyni vaxtıda sərhədə istiqamət götürən TIR-lar Gömrük Keçid Məntəqəsində növbələrlə üzləşəcək: “Belə ki, son bir həftədə gün ərzində sərhəddən cəmi 20-25 maşının keçidinə icazə verilir. Bu isə malların vaxtında satıcılara çatdırılmasını çətinləşdirir”.

 

“Rəsmi statistik məlumatlara görə, 2020-ci ilin yanvar-mart ayları ötən ilin eyni dövrünə nisbətən qeyri-neft ixracı müqayisəli qiymətlərlə 4,8 faiz azalıb. Bunun başlıca səbəblərindən biri Rusiyada iri bazarların koronavirus pandemiyası ilə əlaqədar olaraq uzun müddət bağlı qalması olsa da, hazırda yük daşınmalarında yaradılan süni çətinlik, onsuz da zəif olan qeyri neft-ixracatını daha da azaldacaq”.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təkliflərinə Əsasən Baş Nazir Əli Əsədov Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda şənbə və bazar günləri sərt karantin rejiminin tətbiqi haqqında qərar verib. Bu günlərdə xüsusi icazə verilən şəxslərdən və avtomobillərdən başqa hərəkət tamamilə məhdudlaşdırılıb. Yük daşımaları isə istisnalara aiddir.

Müəllif: Ayna.az