Büdcədə müdafiə xərclərinin artırılması istənildi: “Havadan barıt qoxusu gəlir”

Cəmiyyət

17.11.2022 - 18:17

Bahalıq, əməkhaqqı azlığı, pensiya yaşı, uşaqpulu... - Milli Məclisdə büdcə müzakirələri davam edir, deputatlar təkliflər verirlər

Bu gün Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirəsi davam edib. Hökumət üzvlərinin də iştirak etdiyi toplantıda deputatlar büdcə ilə bağlı irad və təkliflərini səsləndiriblər. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, səhiyyə xərclərində əhəmiyyətli artım nəzərdə tutulur.

Komitə sədri: “Onkoloji xəstəliklərin tibbi sığortaya daxil olmaması narazılıq yaradır”

Onun sözlərinə görə, bu gün icbari tibbi sığortadan əhalinin məmnunluğu artmaqdadır: “Amma bir qrup xəstəliklər var ki, onlar hələ də icbari tibbi sığorta ilə əhatələnməyib. Onlar arasında onkoloji xəstəliklər də var. Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xəstəliyin adekvat müalicəsinə mane olur və insanların narazılığına səbəb olur. Hesab edirəm ki, onkoloji xəstəliklər də tibbi sığortaya daxil edilməlidir”.

“Rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarının maaşlarının artırılması lazımdır”. Bu təkliflə deputat Elşad Mirbəşiroğlu çıxış edib. Millət vəkili deyib ki, onların maaşları aşağıdır: “Bildiyiniz kimi, rayonlarda mərkəzlər Mədəniyyət Nazirliyinə tabedir. Bu mərkəzlərin Bakıdakı mərkəzlə birgə işləməsini, maaşlarının artırılmasını təklif edirəm”.

“Bu kimi mərkəzlər rayonlarda əhalinin mədəni rifahının artırılması üçün vacibdir. Ona görə həmin mərkəzlərə diqqət yetirilməsi önəmlidir”, - deyə deputat vurğulayıb.

“Cənublu qardaşlarımıza deyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək”

Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov isə güney Azərbaycan məsələsinə toxunub. Millət vəkili xatırladıb ki, Milli Məclisin iclası Milli Dirçəliş Gününə təsadüf edir: “Milli azadlığa gedən yol ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev Türkmənçay müqaviləsindən sonra yeganə şəxsdir ki, şəkilləri Azərbaycanın ürəyi olan şəhərlərdə - Təbrizdə, Ərdəbildə, Xoyda, Mərənddə, hər yerdə divarlara vurulur. Əmir Teymurdan, Şah İsmayıl Xətaidən sonra yeganə Prezident İlham Əliyevə Qarabağ Fatehi adı verilib. Cənublu qardaşlarımıza deyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək”.

“Təklif edirəm ki, dövlət büdcəsində təhlükəsizlik və müdafiə məsələlərinə diqqət daha çox ayrılsın. Nəzərə almaq lazımdır ki, havadan barıt qoxusu gəlir. Ona görə müdafiə, təhlükəsizlik xərcləri daha geniş məsələləri əhatə etməlidir”, - deyə komitə sədri vurğulayıb.

Deputatdan pensiya yaşının azaldılmasını təklif etdi: “Heç olmasa, bu kişilər 2-3 il pensiya ala bilsinlər”

Deputat Qüdrət Həsənquliyev isə narazılıqla bildirib ki, hkumət hara nə qədər pul xərcləyəcəyini əvvəlcədən proqnozlaşdıra bilmir: ““Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezident İlham Əliyev təsdiq edib. Amma büdcədə bu işlərə nə qədər vəsait xərclənəcəyi açıqlanmır. Biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Bizdə iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, büdcəyə dövlət şirkətləri tərəfindən ödənilən vergilər çox azdır. Düşünürəm ki, özəlləşdirmə sürətləndirilməlidir”.

“Həmçinin onu da deyim ki, 65 yaşa qədər olan kişilərin sayı 47 faizə çatır. Ona görə biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər”, - deyə millət vəkili söyləyib.

“Azərbaycanda şəhid ailələrinin övladları təhsil haqlarından azad olunublar. Yaxşı olardı ki, müharibə veteranlarının övladlarına da bir sıra güzəştlər şamil edilsin”. Bu sözləri isə deputat Aqiyə Naxçıvanlı səsləndirib.

Onun sözlərinə görə, müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir: “Bundan başqa, müharibə veteranlarına güzəştli ipoteka ilə mənzil almaq hüququ verilməlidir”.

“Türkiyəyə gürcü və ermənilərdən baha uçuruq”

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə AZAL-ın qiymətlərindən narazılıq edib: “Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi hazırda təyyarədir. AZAL-ın biletlərinin qiyməti nəinki vətəndaşlara ağır maliyyə yüküdür, hətta şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir. Müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan kompaniyanın vəziyyətinə diqqət yetirmək lazımdır. Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə - Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur”.

“Hesab edirəm ki, Füzuli, Zəngilan və gələcəkdə istifadəyə veriləcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir”, - Z.Oruc əlavə edib.

“Ölkədə və dünyada baş verən bahalaşma göz qabağındadır”

Deputat Vahid Əhmədov bildirib ki, dünyada ərzaq qıtlığının olması təbii ki, bilinən və gözləniləndir: “Azərbaycan da burada istisna deyil. Buna görə də düşünürəm ki, ölkədə kənd təsərrüfatına xüsusi diqqət yetirilməlidir. Təklif edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq gücləndirilsin. İki qurum arasında əməkdaşlıq müqaviləsi bağlanılsın. Bununla da kənd təsərrüfatında çalışanların maliyyə problemi həll olunar".

“Bununla yanaşı, orta əmək haqlarının artırılması vacib məsələdir. Çünki ölkədə və dünyada baş verən bahalaşma göz qabağındadır. Eyni zamanda, büdcədən işləməyən və ya ödəniş almayan şəxslər üçün maliyyə ayrılmalıdır”, - deyə millət vəkili vurğulayıb.

Deputat: “Əməkhaqqı, müavinət artacaq xəbəri çıxan günün səhəri qiymətlər daha sürətlə artır”

 “İnsan kapitalının rəqabət qabiliyyətinin artırılması istiqamətində səylərimizi artırmalıyıq. Bu nöqteyi-nəzərdən Azərbaycanda 2013-cü ildə hazırlanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yenidən işlənməlidir", - deyən deputat Əli Məsimli qeyd edib ki, belə addım atılsa, təhsil sahəsində çalışanların maaşı orta aylıq əməkhaqqından yuxarı olacaq: "Digər tərəfdən, inkişaf etmiş ölkələrdə elmə ayrılan vəsait adambaşına 700 dollardan çox, Azərbaycanda isə 20 dollardan aşağıdır. Hesab edirəm bu istiqamətdə proqram hazırlanmalı, islahatlar çərçivəsində elmə ayrılan vəsait artırılmalıdır”.

“Eyni zamanda, büdcədə sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artıb. Çox yaxşı bilirik ki, əməkhaqqı, müavinət artacaq xəbəri çıxan günün səhəri qiymətlər daha sürətlə artır, süni qiymət artımı görürük. Buna görə də büdcədə bu istiqamətə nəzərdə tutulan vəsaitin inflyasiyanı üstələməsi lazımdır. Xüsusilə monopoliyada olan inflyasiyanın yerinə bu artımlar 2023-cü ilin büdcəsində ciddi artım tədbirlərinin həyata keçirilməsi vacibdir”, - Ə.Məsimli söyləyib.

“Ünvanlı sosial yardım əvəzinə uşaqpulu verilsin”

Deputat Tahir Kərimli uşaqpulu məsələsini gündəmə gətirib və bildirib ki, bununla bağlı sistemli dəyişiklik etmək lazımdır: “Bu gün ünvanlı sosial yardımdan hamı narazılıq edir. Məncə, hamının razı qalması üçün uşaqpulu vermək lazımdır. Məsələn, ünvanlı sosial yardımı ləğv edib, uşaqpulu vermək olar”.

Müəllif: Anar Bayramoğlu