Böyük iflas: “Sanki Azərbaycanda deputatlığa namizəddir”

Dünya

11.10.2021 - 19:18

Deputat: “Bir daha məlum oldu ki, ABŞ kimi dövlətə o yaşda şəxs rəhbərlik edə bilməz”

Politoloq: “Artıq heç kim Amerika demokratiyasına inanmır”

ABŞ Prezidenti Co Baydenin xalq arasında ictimai dəstəyi 40 faizdən aşağı düşüb. 1-4 oktyabr tarixlərində keçirilən sorğuda Baydenin ictimai dəstəyi 38 faiz olub. 1,326 nəfər arasında keçirilən iştirakçıların 53-i Baydeni dəstəkləmədiyini bildirib. Ötən ay keçirilən sorğuda isə respondentlərin 42 faizi Baydeni dəstəklədiyini bildirmişdi.

Ekspertlər hesab edirlər ki, Baydenin sürətlə nüfuzunu itirməsi, amerikalıların ona etimad göstərməməsi verdiyi vədləri həyata keçirməməsi ilə bağlıdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Bayden namizəd olduğu dövrlərdə böyük vədlər versə də, onların heç birini həyata keçirmədi: “Bayden seçki kampaniyasına demokratiya şüarı ilə qatıldı. Ondan öncəki Prezident Donald Trampı demokratik dəyərlərə arxa çevirməkdə ittiham edirdi. Bu baxımdan seçkiöncəsi vədləri cəlbedici görünürdü. Onun qələbə qazanmasında da bu amil vacib rol oynadı”.

“Lakin o, verdiyi vədləri həyata keçirmədi. Onun Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması ilə bağlı qərarı 20 ildən sonra “Taliban”ın hakimiyyətə gəlişi ilə nəticələndi. Bu qərar isə dünyada şok effekti yaratdı. Digər atdığı addımlar, o cümlədən yaddaşını tez-tez itirməsi, adamların adlarını unutması da onun prezident kimi nüfuzuna ciddi zərbələr vurur. Bir daha məlum oldu ki, ABŞ kimi dövlətə o yaşda şəxs rəhbərlik edə bilməz”, - deyə həmsöhbətimiz bildirib.

Baydenin Azərbaycan və Türkiyəyə qarşı qərəzli siyasət yürütdüyünü deyən deputat hesab edir ki, bununla da ABŞ Türkiyə kimi mühüm strateji müttəfiqini itirdi: “Bu gün Türkiyə dünyanın aparıcı oyunçularından biridir. Regionda Türkiyənin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Belə bir dövrdə ABŞ-ın Türkiyə ilə münasibətləri zəiflətməyə yönəlik addımları anlaşılan deyil. Bütün hallarda Bayden hadisələrə öz şəxsi prizmasından baxır və bunun fəsadları artıq ortadadır. Xarici siyasətdə yürütdüyü bağışlanmaz səhvləri onun reytinqinə ciddi təsir edir”.

“Qarabağ münaqişəsinə yanaşmada da Bayden ermənipərəst mövqe nümayiş etdirir. Halbuki, Azərbaycanın haqq davasına dəstək verməliydi. O səbəbdən ki, 20 ildir torpaqlarımız düşmən tapdağı altında idi. Bir milyondan artıq soydaşımız öz doğma yurdundan didərgin düşmüşdü. Xocalıda misli görünməmiş terror aktı törədilmişdi. Və nəhayət, Azərbaycanın haqq var idi ki, öz torpaqlarını işğaldan azad etsin. İnsan haqları mövzusu ilə siyasi manevrlər edən və bu üsulla iqtidara yiyələnən Bayden isə bütün bunları görməzdən gəlirdi. Təəssüf ki, o, vitse-prezident olduğu dövrdən xristian təəssübkeşliyi edir, fəal ermənipərəst siyasət yürüdür”, - deyə Məhəməliyev vurğulayıb.

Onun fikrincə, Bayden özü də növbəti dəfə namizəd olmayacağını bilir: “Bu səbəbdən çox uğursuz siyasət yürüdür. Onun indiyə qədər elə bir addımı olmayıb ki, təqdir olunsun. Bu gün Əfqanıstanda milyonlarla insanın həyatı təhlükədədir. O isə bütün bu baş verənlərə laqeyd yanaşır. Hətta bir qədər də irəli gedərək, “ABŞ əsgərləri əfqanların yerinə döyüşən deyil” kimi mənasız arqumentlər gətirir. Əgər 20 il sonra hər şey yenidən başlanacaqdısa, o halda ABŞ niyə o zaman əfqanların daxili işlərinə qarışırdı? Suallar çoxdur. Görünən odur ki, artıq Amerika cəmiyyətinin özündə də ona olan ümidlər ölüb. Ölkəboyu keçirilən sorğular da bunun təsdiqi rolunda çıxış edir”.

Politoloq Murad Sadəddinov da AYNA-ya şərhində qeyd edib ki, Baydenin əsas səhvi Əfqanıstanla bağlı qərarı oldu: “Ona görə ki, ABŞ-da ictimai fikrə təsir edən faktorlardan biri KİV-lərdir. Əfqanıstan məsələsi ilə bağlı Amerika KİV-ləri ciddi təbliğat apardı. Xüsusən Əfqanıstan vətəndaşlarının ABŞ təyyarələrinin qanadlarından yapışması, bu ölkədən mədət umması fonunda Bayden adminstrasiyasının susması onun reytinqinə mənfi təsir edən başlıca amildir”.

“Digər yandan ABŞ-ın Rusiya, Çin məsələsində fəallıq nümayiş etdirməməsi də Baydenin nüfuzuna ciddi zərbə vurdu. Halbuki, seçkidən öncə bununla bağlı ciddi vədlər vermişdi. Digər əsas səbəb daxili vəziyyətlə bağlıdır. ABŞ cəmiyyəti onun gəlişindən sonra iqtisadi canlanma hiss etsəydi, o zaman Baydenin nüfuzu kəskin şəkildə aşağı düşməzdi. Bütün bunlar onun etimadını zəiflədən və şərtləndirən əsas amillərdir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Bayden administrasiyası verdiyi vədləri yerinə yetirmir: “Bayden seçkilərə demokratiya şüarı ilə qatıldı. Guya dünyada insan haqlarının qorunmasına çalışacaqlar. Lakin bir daha aydın oldu ki, deyilənlərin hamısı cəfəngiyyatdır. Bu gün regionda əsas güc mərkəzləri Rusiya və Türkiyədir. Amerikanın proseslərə təsir imkanları çox aşağı səviyyədədir. Bayden gələndən sonra isə daha da aşağı düşüb. Xüsusən Əfqanıstan hadisələrindən sonra artıq heç kim ABŞ-ın ədalət çağırışlarına inanmır. Bu isə Amerikanın xarici siyasət kursunun iflası deməkdir”.

“ABŞ Türkiyəyə qarşı ədalətsiz siyasət yürüdür. Türkiyə yalnız tənqidlər zamanı Amerikanın yadına düşür. Cənubi Qafqazda baş verən hadisələrə də adekvat reaksiya vermirlər. Bütün bunların fonunda həm Rusiya, həm Türkiyə, həm də digər dövlətlər artıq xarici siyasətində Amerika amilini nəzərə almır. Çünki ABŞ-ın özü də bunda maraqlı görünmür. Bu səbəbdən Qərb dairələrinin özündə ciddi parçalanmalar baş verir. Nəticədə Qərbin gələcək taleyi sual altına düşür”, - deyə Sadəddinov söyləyib.

Politoloq əlavə edib ki, Baydenin seçkiöncəsi “Amerika yenidən böyük siyasətə qayıdır” bəyanatı da öz təsdiqini tapmadı: “Sanki Bayden Azərbaycandan deputatlığa namizədliyini irəli sürüb. Fikriləşir ki, seçkilərə qədər nə istəsəm, deyə bilərəm. Seçilkərdən sonra isə küncə çəkilib. Bu, Amerika üçün keçərli yanaşma deyil”.

Müəllif: Azər Niftiyev