“Bölgəmizdə sülhün qarşısını ala biləcək qüvvə yoxdur”

Siyasət

15.06.2022 - 16:07

Xələf Xələfov: “Ermənistan siyasi dairələri sülhün bərqərar olması ilə bağlı bir-birinə zidd fikirlər səsləndirirlər”

“Şuşa Bəyannaməsinin imzalanmasından sonra keçən il ərzində Azərbaycan ilə Türkiyə arasında siyasi dialoq sistemi intensiv xarakter alıb. Qarabağ bölgəsində Türkiyənin mövcudluğu ölkəmiz üçün xüsusi önəm daşıyıb və bu iştirak ümumilikdə regionun təhlükəsizliyinə töhfə verəcək”.

AYNA xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda səsləndirib.

“Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyasının həyata keçirilməsi vacib siyasi və mühüm məsələdir. Azərbaycan-Ermənistan, eləcə də qonşu dövlətlər bu işi davam etdirməlidir. Hər hansı şərh və maneələr bu prosesi dayandırmamalıdır. Ermənistan siyasi dairələri sülhün bərqərar olması ilə bağlı bir-birinə zidd fikirlər səsləndirirlər. Biz bu fikirləri yersiz və keçərsiz sayırıq. Çünki sülhə alternativ nəsə yoxdur. Regionda yaranmış potensialları nəzərə alsaq, bu gün regionda sülhün qarşısını ala biləcək qüvvə mövcud deyil”, - deyə nazir müavini bildirib.

Əlavə edib ki, Azərbaycanın qələbəsinin simvolunu Şuşa təşkil edir: “İkinci Qarabağ müharibəsindən danışırıqsa, Şuşanın işğaldan azad olunması bu qələbənin üzük daşıdır. Bu gün əsas məsələlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh gündəliyidir. Bunun ətrafında bütün səylərimizi göstəririk. Şuşa Bəyannaməsinin bir çox bəndləri bu sülh gündəliyinin irəli aparılmasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iki ölkənin qardaşlığının gələcəyinə yönəlik konturlarını və əsas istiqamətlərini bu bəyannamənin mətnində öz imzaları ilə tarixə yazıblar”.

Müəllif: Ayna.az