Bakıda iki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişikliklər edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya bildirilib ki, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.
Bununla yanaşı, Səngəçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Səngəçal qəsəbəsi – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib.
Marşrutlar üzrə avtobusların hərəkəti sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək.
Qeyd edək ki, edilən dəyişikliklər oktyabrın 9-dan həyata keçiriləcək.