“Blokada”, “etnik təmizləmə” və: “Bəs 120 min erməninin 20 mini hanı?”

Aktual

24.10.2023 - 13:33

Milli Məclisin iclasında Azərbaycana qarşı təzyiqlərə etiraz edildi: “Biz buna hazırlıqlı olmalıyıq”

Bu gün Milli Məclisin iclası keçirilib. Gündəliyinə 16 məsələ daxil edilən toplantıda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Deputat Siyavuş Novruzov çıxışında bildirib ki, indi Avropa ölkələrində ölkəmizə qarşı ədalətsiz münasibətlərin şahidi oluruq. Millət vəkili xatırladıb ki, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri var: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, çətin anda Avropa ölkələrinin yanındadır. Amma Avropa Parlamentinin qərarları İttifaqa üzv ölkələrə təsir edir. Bu onun göstəricisidir ki, həmin ölkələr müstəqil deyil. Bütün hallarda, hesab edirəm ki, biz həmin ölkələrlə mübarizəmizi davam etdirməliyik”.

““3+3” formatındakı görüşdən sonra Azərbaycana qarşı təzyiqlər artacaq”

“İndi bəzi ölkələr əl-ayağa düşüblər, guya ermənilərə qarşı etnik təmizləmə aparılıb və s. Anlamalıdırlar ki, ermənilərə qarşı hansısa soyqırımı olmayıb, əksinə, Azərbaycana qarşı bu soyqırımılar həyata keçirilib və bu tarix sənədlərində var. Tehranda xarici işlər nazirləri səviyyəsində dünən “3+3” formatında görüş keçirildi. Düşünürəm ki, bu formatdakı görüşdən sonra Azərbaycana qarşı təzyiqlər artacaq. Biz buna hazırlıqlı olmalıyıq”, - deyə Novruzov əlavə edib.

Deputat bildirib ki, Milli Məclisin üzərinə böyük yük düşür: “Beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün dostluq qruplarında, parlamentlərarası əlaqələr üzrə işçi qruplarında işimizi davam etdirməliyik. Heç bir qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tuta bilməz, tutmamalıdır. Hesab edirəm ki, mübarizəmizi davam etdirməliyik”.

Deputat: “Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsiliblər, onları dağıdıblar, saxtalaşdırıblar”

Deputat Ceyhun Məmmədov isə iclasda Ermənistanın Azərbaycana qarşı təzminat ödəməsi məsələsini gündəmə gətirib. Millət vəkili qeyd edib ki, hazırda Ermənistan rəsmiləri Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar səsləndirirlər: “Bəllidir ki, Qarabağı tərk edən ermənilər özləri dəfələrlə söylədilər ki, Azərbaycan tərəfindən yox, Ermənistan tərəfindən onlara “Qarabağdan çıxın” deyilib, rəhbərlərinin təhriki ilə də onlar bu əraziləri tərk ediblər. Azərbaycan isə onlara reinteqrasiya təklifini verib, qalıb yaşaya biləcəklərini bildirib, heç bir etnik təmizləmə olmayıb. O zaman erməni rəsmilərin iddiaları absurddur. Başqa bir məsələ isə Qərb dövlətlərinin parlamentlərinin ard-arda Azərbaycan əleyhinə bəyanat vermələridir. Burada da Avropa Şurası və Fransanın izi özünü açıq göstərir. Şübhəsiz ki, bu məsələdə heç kimin Azərbaycanı günahlandırmağa haqqı yoxdur”.

“Təzminat məsələsinə gəlincə, onu Azərbaycan yox, Ermənistan verməlidir. 10 min kilometr ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə Ermənistan təzminat ödəməlidir. Azərbaycan bu ərazilərin həqiqi sahibi kimi azad etdiyi ərazilərdə hər şeyi olduğu kimi qoruyur və qoruyacaq. Kiminsə bunu bizə deməsinə ehtiyac yoxdur”, millət vəkili deyib.

Deputat bildirib ki, ermənilər tarixi Azərbaycan torpaqlarındakı həmin avropalıların da din qardaşı olan albanların yüzlərlə kilsə və tarixi abidələrini dağıtmış və ya saxtlalaşdırıblar: “Bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aid deyil. Ermənistanın havadarları narahat olmasınlar, onlar bizim abidələrdir. Tarixən olduğu kimi bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq. Əksinə, Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsiliblər, onları dağıdıblar, saxtalaşdırıblar”.

"Heç kim təminat verə bilməz ki, 20-30 ildən sonra yenə erməni icması Azərbaycan dövləti, onun müstəqilliyi üçün problem yaratmayacaq”

“Avropa və bir sıra ölkələrin parlamentlərində Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edilir. Bunların arxasında ən çox canfəşanlıq edən Fransa Parlamentinin üzvləri və Fransa Prezidenti dayanır”. Bu sözləri isə deputat Vahid Əhmədov səsləndirib və əlavə edib ki, dünən İrəvanda Fransa müdafiə naziri ilə Ermənistan müdafiə nazirləri arasında imzalanmış hərbi əməkdaşlıq, Fransa silahlarının, hərbi sursatın Ermənistana verilməsi haqqınakı sənəd dediklərini bir daha sübut edir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasəti qəbul etmək istəməyənlər fəallaşıblar. 44 günlük Vətən müharibəsində və 19-20 sentyabrda keçirilmiş antiterror tədbirlərində Azərbaycanın qazanılmış qələbəsinə kölgə salmaq istəyən dairələr var. İndi onlar çalışırlar ki, ermənilərin Qarabağdan gedişinə “etnik təmizləmə” adı versinlər. Lakin anlamalıdırlar ki, Azərbaycan onları ərazidən qovmayıb, bunun sübutları var. Hətta əlimizdə BMT kimi nüfuzlu bir təşkilatın missiyasının rəyi var. Rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalisini zorla qovmayıb. Bu, nüfuzli beynəlxalq təşkilatın rəyidir. Düşünürəm ki, bu rəyi xarici siyasətimizdə geniş istifadə etməliyik”.

“Ermənilərin yenidən Qarabağa qayıtması məsələsinə Azərbaycan mənfi yanaşmır. Amma burada bir məsələ var, heç kim təminat verə bilməz ki, 20-30 ildən sonra yenə həmin erməni icması Azərbaycan dövləti, onun müstəqilliyi üçün problem yaratmayacaq. Bizim humanistliyimiz həmişə bizim üçün problemə çevrilir. Onlar bizə qarşı yalnız əmlak iddiası qaldıra bilərlər ki, bu da həll oluna bilən məsələdir”, - millət vəkili deyib.

“Fransa Cənubi Qafqazda sülhə mane olur”

Xankəndinin deputatı Tural Gəncəliyev isə rəsmi Parisi tənqid edib və bildirib ki, Fransanın Cənubi Qafqazda aqressiv siyasəti davam edir: “Azərbaycan tərəfindən Parisin bu siyasətinə qarşı tədbirlər keçirilməlidir. Məsələn, ötən həftə Bakıda Fransanın müstəmləkə siyasətini çılpaqlığı ilə dünyaya çatdıran tədbir keçirilib. Hesab edirəm ki, bundan sonra beynəlxalq təşkilatlarda biz Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrin haqlarını müdafiə etməliyik. Ən azı beynəlxalq təşkilatlarda Fransanın mövqeyini ciddi təhlil etməliyik”.

“Məsələn, Fransanın BMT-də daimi üzv olmaq haqqı yoxdur. Beş daimi üzvlərdən olan Fransa bu gün Cənubi Qafqazada sülhə nail olmaqdan və töhfə verməkdənsə, daha da alovlandırır. Buna sübut isə dünən Fransa və Ermənistan arasında bağlanan hərbi əməkdaşlıqdır. Fransa Ermənitanı silahlandırmaqla sülhə mane olmaqda davam edir”, millət vəkili söyləyib.

Millət vəkilindən sual: “Maraqlıdır, onlar haraya qeyb olublar, yoxsa başqa planetə köçdülər, xəbərimiz yoxdu?”

Millət vəkili Azay Quliyev isə bildirib ki, Qarabağı tərk edən 100 min erməninin Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və Qərb mətbuatında çox danışılır: “Amma biz çox yaxşı bilirik ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, Qarabağ ermənilərinin sayında yenə də manipulyasiyaya və təhrifə yol verir. Axı  5-6 həftə əvvəl bütün dünya erməniləri və onları dəstəkləyən ölkələr səs-küy salırdılar ki,  Qarabağda 120 min erməni var və onlar “blokada”dan əziyyət çəkirlər. İndi isə deyirlər ki,  Qarabağdan köç edənlərin sayı 100 min, orda  qalanların sayı isə  50 nəfərdir. Sual olunur, bəs 120 min erməninin 20 mini hanı, haradadır? Maraqlıdır, onlar haraya qeyb olublar, yoxsa başqa planetə köçdülər, xəbərimiz yoxdu?”.

“Nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirir. Bu, Ermənistanın rəqəmləri manipulyasiya etməsindən başqa bir şey deyil. Sirr deyil ki, Paşinyan hökuməti  “köç” rəqəmini şişirtməklə həm xaricdən daha çox  maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi icad etdiyi  “humanitar böhran”m nağılını Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir”, - deyə Quliyev vurğulayıb.

Deputat bildirib ki, Qarabağı könüllü şəkildə tərk edib Ermənistana gedən ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaiti BMT 100 milyon dollar civarında müəyyən edib. Bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdu. Çünki Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da, 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür”.

Çıxışlardan sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar.

Müəllif: Anar Bayramoğlu