Birdəfəlik yardım alanların siyahısı dərc olunsun

Cəmiyyət

18.04.2020 - 22:03

İşsizlər də qeydiyyat üçün müraciətlərini davam etdirməlidirlər

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürdüyünü açıqlayıb. Nazirlikdən verilən məlumata görə, onlardan 123766 nəfəri kişi, qalanları qadındır. Birdəfəlik ödəmə verilənlərin 50309-u Bakı, 8949-u Sumqayıt və 6213-ü Gəncə şəhərlərində yaşayanlar, 4308-i Abşeron rayonunun, 130221-i respublikanın digər bölgələrinin sakinləridir.

 

Yaş qruplarına gəldikdə isə, birdəfəlik ödəmə alanlardan 12811-i 20 yaşa qədər, 85975-i 20-30 yaş arası, 52920-si 30-40 yaş arası, 27287-si 40-50 yaş arası, 21007-si 50 yaşdan yuxarı olanlardır.

 

Bu məlumatlara etirazım yoxdur, amma bu rəqəmlərlə şəffaflıq görüntüsü yaradıla bilməz. Odur ki, təklif edirəm ki:

 

Birdəfəlik müavinətin düzgün çatdırılmasına və ya ehtiyacı olmayanların bu yardımdan əyri yolla faydalanmamasına ictimaiyyətin əminliyinə nail olmaq üçün yardım alanların siyahısı dərc olunmalıdır. Maliyyə Nazirliyi də növbəti aylar üçün maliyyələşmə mənbələri səfərbər edib qeydiyyatda olan işsizlərə birdəfəlik yardımı və ya işsizlik sığortasını onlar işlə təmin olunan müddətə qədər ödəməlidir.

 

İşsizlər də qeydiyyat üçün müraciətlərini davam etdirməlidirlər. Artıq mobil nömrənin də vətəndaşın özünün adına olması tələb olunmur. Vətəndaşlar e-sosial.az-a daxil olmaqla onlayn müraciət ünvanlayan zaman şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN-i tələb olunur, əlaqə vasitəsi kimi mobil telefon və ya email qeyd oluna bilər.

 

İnternetə çıxışı olmayan vətəndaşlar yaşadıqları rayon üzrə məşğulluq mərkəzlərində yaradılan operativ qruplara zəng edərək şəxsiyyət vəsiqələrini qeyd etdirə və işsiz kimi qeydiyyata düşə bilərlər.

Müəllif: Qubad İbadoğlu, iqtisadçı-alim