Balakəndə karantin qaydalarını pozan 5 şadlıq sarayı aşkarlanıb

Xəbərlər

21.07.2021 - 18:12

İcarədarları və sahibləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb

 

Polis əməkdaşlarının Balakəndə müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində beş şadlıq sarayında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Sultan Palace” şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən olunan həddən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Obyekti işlədən Yaşar Xəlilov aşkarlanan qayda pozuntuları ilə bağlı inzibati məsuliyyətə cəlb edilib və 4 min manat məbləğində cərimələnib.

 

Keçirilən yoxlamalar zamanı rayon ərazisində yerləşən “Xəzər”, “Karvan”, “Anar” və “Grand Palace” şadlıq saraylarında da müvafiq qayda pozuntularına rast gəlinib. Həmin obyektlərin icarədarları və sahibləri barəsində də qanunvericiliyə uyğun tədbir görülüb, barələrində cərimə protokolları tərtib edilib.

Müəllif: Ayna.az