Bakıda qadın iki azyaşlı oğlunu və özünü 4-cü mərtəbədən atıb

Hadisə

21.12.2020 - 12:19

İntihar hadisəsi ilə bağlı cinayət işi başlanıb

 

Dekabrın 20-də gecə saat 23 radələrində paytaxtın Yasamal rayonunun Kənar Dairəvi küçəsi ev 28-də yaşayan 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın yaşadığı binanın 4-cü mərtəbəsindən özünü yerə atması barədə Yasamal Rayon Prokurorluğuna məlumat verilib.

 

Yasamal Rayon Prokurorluğunun AYNA-ya verilən məlumatında bildirilib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətləri yerinə yetiriblər.

 

İlkin araşdırmalarla müəyyən olunub ki, Nigar Cəfərova həmin gün gecə saat 23 radələrində azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərovu və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın dördüncü mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən qısa zaman ardıcıllığı ilə yerə atıb. O, daha sonra özünü də həmin yerdən atıb.

 

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılıblar. Onlar həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

 

İstintaq prosesində cinayətin motivi, o cümlədən əhəmiyyət kəsb edə biləcək digər hallar tam və hərtərəfli araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın veriləcək.

Müəllif: Ayna.az