Bakı və İrəvan sülhə çox yaxındır, amma... – 18 günə gözlənilən sürpriz

Aktual

12.12.2023 - 14:09

Nazim Cəfərsoy: “Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinədək sülh sazişinin imzalanması mümkün ola bilər”

Ötən həftə Azərbaycan və Ermənistan hökumətləri heç bir vasitəçi və ya üçüncü tərəf olmadan birgə açıqlama yaydılar. Azərbaycan Prezident Adminstrasiyası və Ermənistan Baş nazirinin Aparatı tərəfindən verilən birgə bəyanat özündə üç məsələni əhatə edir. Açıqlamada qeyd edilir ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir. Bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürür və, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan da, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”, birgə bəyanatda vurğulanır. Azərbaycan və Ermənistan qarşılıqlı etimad yaratmaq öhdəliyi götürdüklərini də bəyan ediblər: “Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər”.

Tətərflər beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırıblar.

Ekspertlər qeyd edirlər ki, rəsmi Bakı və İrəvanın birgə açıqlaması sülh prosesində önəmli addımlardan sayılır. Amma sülhlə bağlı Ermənistandan verilən bəyanatlar ziddiyyətlidir. Ermənistanın hakim “Mülki müqavilə” Partiyasının deputatlarından əksəriyyəti Azərbaycanla sülh sazişinin imzalanmasının ən doğru yol olduğu bildirilsə də, cəmiyyətin müəyyən kəsimində və bəzi rəsmilərin bəyanatlarında fərqli fikirlər səsləndirilir. Belə bəyanatlar isə sülh sazişinə inamı azaldan faktorlardır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib ki, Azərbaycan və Ermənistan hökumətlərinin birgə açıqlaması həqiqətən də prosesə təkanverici faktordur:

- Hesab edirəm ki, bu, yeni reallığın təzahürüdür. Təbii ki, Ermənistanda sülhlə bağlı, dövlətin gələcəyi ilə bağlı, qonşularla münasibətlərlə bağlı zidiyyətli fikirlərin olduğu fikri ilə razıyam. Amma Azərbaycanın 44 günlük müharibədə qələbəsi, yaranan yeni reallıq Ermənistan hakimiyyətini də, cəmiyyətini də yavaş-yavaş yeni şərtləri qəbul etməyə sövq edir. Əslində erməni rəsmilərinin açıqlamalarında pozitiv məqamlar sezilir. Qonşu ölkələrlə dialoqdan bəhs edirlər, sülhdən danışırlar. Məsələ burasındadır ki, Ermənistan daxili siyasət baxımından zidiyyətli ölkədir və buradan müxtəlif beynəlxalq oyunçular öz maraqları üçün aparat kimi istifadə edirlər. Ermənistanın bu bəladan qurtarması, normallaşması və beynəlxalq hüquq baxımından normal dövlətə çevrilməsi prosesi lazımdır. Hesab edirəm ki, proses yeni başlayıb. Qarşıdakı dövrdə biz Ermənistan siyasətində dəyişikliyi görəcəyik.

- Müşahidə edirik ki, sülh prosesi yubanır. Sizcə, sülh prosesini gecikdirən səbəblər nələrdir?

- Erməni rəsmilərin, hakim partiyanın deputatlarının açıqlamalarından belə anlaşılır ki, Paşinyan komandası cəmiyyəti qisasçılıqdan imtinaya çağırır. Qisasçılıq, revanş erməni cəmiyyətində geniş yayılmış nüansdır. Məsələn, erməni cəmiyyətinin müəyyən kəsimi, əsasən də müxalif qüvvələr tərəfindən tez-tez “Qarabağı yenidən almalıyıq”, “Qarabağ erməni torpağıdır”, “yeni müharibə” kimi bəyanatlar səsləndirilir, qisasçılıq hissləri ortaya qoyulur. Erməni “Telegram” kanallarını izləyəndə görmək olar ki, revanş, qisasçılıq hissləri onlarda sönməyib. Hətta erməni rəsmilərin də arasında belə düşünənlər mövcuddur. Sülh prosesi intensivləşdikcə, erməni rəsmiləri Bakının sülhlə bağlı çağırışlarına müəyyən müsbət cavablar verdikcə, revanşist əhval-ruhiyyə güclənir. Amma qeyd etmək lazımdır ki, Ermənistandakı revavanşist çağırışların əsas baqyraqdarları getdikcə daha marginal təbəqəni təmsil etməyə başlayıblar. Təbii ki, burada Azərbaycanın gücü, diplomatik gedişləri həlledici rolu oynayır.

Açığını deyim ki, hazırda Azərbaycanla sülh müqaviləsinin imzalanmasında Ermənistan hakimiyyətinin maraqlı olduğunu düşünürəm. Açıqlamalar da, proseslər də bunu göstərir. Amma Ermənistanda sülhə qarşı ciddi müqavimət mövcuddur. Sadəcə erməni cəmiyyəti deyil, diaspora da sülhə ciddi müqavimət göstərir. Bu isə sülh sazişi imzalanmasını gecikdirən amildir.

- Bu müqaviməti Paşinyan hakimiyyəti qıra biləcəkmi?

- Hər halda, buna çalışırlar. Hakim partiyanın deputatları, rəsmilər sülhlə bağlı açıqlamalar verirlər, erməni cəmiyyətinə o fikiri aşılamağa çalışırlar ki, Ermənistan dövlətinin nicatı Azərbaycanla sülhdə və qonşularla münasibətləri normallaşdırmaqdadır. Paşinyan da ən son açıqlamasında sülhün vacibliyindən danışdı. Hesab edirəm ki, rəsmi şəxslərin belə bəyanatları Ermənistan daxilində sülhü sabotaj etmək istəyən qrup və qüvvələrə yönəlib. Düşünürəm ki, sonunda həmin qüvvələrin müqaviməti qırılacaq. Çünki erməni cəmiyyəti də yaxşı anlayır ki, sülhdən başqa yolları yoxdur. Sadəcə həmin qüvvələr, qruplar bu məsələdən öz maraqları naminə istifadə etməyə çalışırlar.

- Rəsmi İrəvanda ilin sonunadək sülh sazişinin imzalana biləcəyi yanaşması mövcuddur. Bu, mümkündürmü?

- Tendensiyalara, gələn açıqlamalara, son üç illik perioda baxanda, eyni zamanda, Paşinyan hakimiyyətinin Ermənistandakı güc balansını, qlobal oyunçuların prosesə müdaxilələrini nəzərə alsaq, əslində gəlinən nöqtə sülhə yetərincə yaxın olduğumuzu ortaya qoyur. Amma sülh sazişinin ilin sonunadək imzalana biləcəyi sürpriz olardı. Çünki burada bir neçə məqam var ki, sülh sazişinin ilin sonuna qalan 18 gündə imzalanmasını mümkünsüz edir. Azərbaycan və Ermənistan hökumətlərinin birgə açıqlaması yeni mərhələni təşkil edir ki, bu yeni mərhələnin müsbət istiqamətlərini regionda maraqlı olan böyük oyunçularla razılaşdırmaq ehtiyacı var. Bu çərçivədə həm Moskva, həm Vaşinqton, həm Brüssel, həm Ankara, həm də Tehranın belə deyək ki, siyasi razılığını almaq üçün zaman ehtiyac var. Bu məqamları nəzərə alsaq, ilin sonunadək sülh müqaviləsinin imzalanması sürpriz ola bilər.

Amma 2024-cü ilin əvvəllərində, hətta Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinədək sülh sazişinin imzalanması mümkün ola bilər.

Müəllif: Anar Bayramoğlu