Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir
Bakıda Xəzər regionunun ən böyük tədbiri olan Bakı Enerji Forumu keçirilir. AYNA.AZ xəbər verir ki, bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir.
Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Forum” 2025-in iştirakçılarına salamlama məktubu ünvanlayıb. Məktubda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğu vurğulanır.
“Baku Energy Forum”da Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiya keçiriləcək. Forum çərçivəsində baş tutacaq “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf olacaq.
Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir. "Enerjidə rəqəmsallaşma: məlumat və texnologiyanın gücü", "Geoloji kəşfiyyat – resursların aşkar olunmasında innovativ texnologiya üsulları", "Hasilat və əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması", "COP29 nəticələri — dayanıqlı gələcəyə aparan yol", "Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması", "Qaz bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur", "Neft və qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi" kimi mövzular forumun əsas istiqamətlərini təşkil edir.
Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.
Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüş otaqları təşkil olunacaq. Forum çərçivəsində sponsor qismində çıxış edən “INTI” tərəfindən “INTI Texnologiya Günü” adlı seminar keçiriləcək və bu seminara giriş sərbəstdir.