“Hazırda yalnız Gürcüstana və Naxçıvandan Türkiyəyə giriş-çıxış var”
Çinin Vuhan şəhərində meydana çıxan və sürətlə digər ölkələrə yayılan koronavirus, artıq qonşu İranda can almağa başlayıb. Bir neçə gün əvvəl İranda qeydə alınan virusa yoluxanların və ölənlərin sayı durmadan artır. Rəsmi məlumatlara görə, indiyədək cənub qonşumuzda 47 nəfər virusa yoluxub və onlardan 12-si dünyasını dəyişib.
Artıq Biləsuvar sərhəd buraxılış məntəqəsi koronavirus təhlükəsi ilə əlaqədar bağlanıb. Sərhəddə ciddi nəzarət tədbirlərin həyata keçirildiyi bildirilir.
Hazırda Azərbaycandan İrana, əsasən də dini ziyarətlər məqsədilə səfərlərin dayanıb-dayanmadığına AYNA tutmaq məqsədilə bir neçə turizm şirkəti əlaqə saxladıq. Əlaqə saxladığımız şirkətlərin hamısından məlumat verildi ki, hazırda heç bir gediş-gəliş yoxdur.
“Gediş-gəlişə məhdudiyyət tətbiq olunub. İranla sərhədlər bağlanıb deyə, gediş-gəlişlərə məhdudiyyətlər qoyulub. Yalnız Gürcüstana və Naxçıvandan Türkiyəyə giriş-çıxış var. Cənub sərhədlərində isə bütün giriş-çıxışlar bağlıdır” – deyə söhbətləşdiyimiz turizm şirkətlərinin nümayəndələri qeyd etdilər.
Bu arada, onu da diqqətə çatdıraq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İranda koronavirus təhlükəsi ilə bağlı turizm şirkətlərinə tövsiyələr verib. DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, yalnız Həcc ziyarəti QMİ-nin himayəsi altında həyata keçirilir, digər müqəddəs yerlərə ziyarətlər turizm şirkətləri tərəfindən təşkil olunur.
“İran, İraq, Yaxın Şərqdəki müqəddəs dini yerlərə ziyarətlər təşkil edən şirkətlərə tövsiyə etmişik ki, indiki şəraitdə koronavirus təhlükəsini nəzərə alsınlar, həmin yerlərə turist aparılması məsələsinə diqqətlə yanaşsınlar. Bu təhlükəni nəzərə alaraq turist ziyarətlərinin təşkilinə müvəqqəti də olsa, müəyyən məhdudiyyət həyata keçirsinlər”, - Qurbanlı deyib.
Komitə sədri onu da qeyd edib ki, hüquqi baxımdan həmin turizm şirkətləri müstəqil fəaliyyət göstərir: "Bu şirkətlər yalnız dini ziyarət yerlərinə deyil, digər turistlik yerlərə də turist aparır. Ona görə də qanunvericilik baxımından həmin şirkətlərə hər hansı formada qadağa qoymağımız mümkün deyil. Amma bu məsələ ilə bağlı turizm şirkətlərinə tövsiyələr verilib. Turizm şirkətlərinin nümayəndələrini qəbul etmişik və izahat işi aparmışıq. Əminəm ki, vətəndaşlarımız da koronavirus təhlükəsini nəzərə alaraq, gediş-gəlişlə bağlı məsələlərdə daha həssas olacaqlar. Bununla bağlı Səhiyyə Nazirliyinin və bütövlükdə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə əməl edəcəklər”.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında virusun artıq 26 ölkədə qeydə alındığı bildirilir. Təkcə Çində bu virusa yoluxanların sayı 75 mini ötüb, ölənlərin sayı isə 2236 nəfərə çatıb.