Azərbaycanda İslam bankçılığının inkişafına nə mane olur?

İqtisadiyyat

22.10.2022 - 10:57

Natiq Cəfərli: “İslam bankçılığı hansı prinsiplə işləyəcək, hara pul yatıracaq?

Nəriman Ağayev: “Bu, dindar vətəndaşların marağına səbəb olsa da, ümumi götürsək, geniş yayılmayacaq”

İslam bankçılığı, yəni şəriət prinsiplərinə əsaslanan bankçılıq bir çox ölkələrdə dinamik inkişaf edir. Bəzi MDB ölkələrində də mövcuddur. Rusiyada isə 2023-cü ildə Çeçenistan və Dağıstanda belə bankçılığın sınaqdan keçirilməsini planlaşdırırlar. Tatarıstan və Başqırdıstan da buna maraq göstərib.

Azərbaycanda bu mövzu vaxtaşırı gündəmə gətirilir və bu yaxınlarda deputat Ceyhun Məmmədov tərəfindən yenidən səsləndirilib. Onun sözlərinə görə, bu gün Azərbaycanda dindarlar yerli banklara o qədər də maraq göstərmirlər, çünki onlardakı faiz sistemi var. Məhz buna görə də deputatın sözlərinə görə, ölkədəki dindarlar pullarını bəzi İslam ölkələrində şəriət prinsipləri ilə fəaliyyət göstərən banklara yatırırlar.

Bu isə investisiyaların xaricə axınına gətirib çıxarır. Məmmədov Azərbaycanda dini prinsiplərlə fəaliyyət göstərən investisiya şirkətlərinin olmasını vacib sayır.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı AYNA-ya şərhində deyib ki, bizdən London kimi İslam bankçılıq mərkəzlərinə böyük kapital axını yoxdur: “Əgər Azərbaycanda buna böyük ehtiyac olsaydı, o zaman çoxdan bəzi maliyyə qurumları bu prinsiplə fəaliyyət göstərən bölmələr yaradardılar. Lakin daxili qanunvericilik prinsipcə İslam bankçılığının inkişafına mane olmur. Ölkəmizdə islam bankçılığı prinsipləri ilə işləyəcək maliyyə qurumlarının yaradılmasına heç bir qadağa yoxdur”.

“İslam bankçılığının ən böyük mərkəzi, qəribə də olsa, Londondur və orada bu sahəni tənzimləyən xüsusi qanunlar da yoxdur. Adi bankçılıqdan İslam bankçılığının əsas fərqi ondan ibarətdir ki, İslam bankçılığında faizlərdən gəlir yoxdur, çünki bu, İslam qanunlarına görə qadağandır. Amma bank pul qazanmalıdır və ona görə də maliyyə tələb olunan iri layihələrin iştirakçısına çevrilir”, - deyə həmsöhbətimiz bildirir.

Onun sölərinə görə, bunlar olduqca mürəkkəb mexanizmlərdir: “Çünki sənədlər və maliyyə öhdəlikləri fərqli şəkildə tərtib edilir. Belə banklardan istifadə edən əmanətçilər də öz növbəsində faiz almırlar. Onlar da bankın maliyyələşdirdiyi layihələrdə səhmdar olurlar”.

Cəfərlinin söyləyib ki, Azərbaycanda bu məsələ ilə bağlı ayrıca qanunların qəbuluna ehtiyac yoxdur: “Sadəcə olaraq maliyyə institutlarına bu sahədə işləmək imkanı vermək lazımdır, amma burada böyük bir problem var”.

“Niyə Londonda İslam bankçılığı bu qədər geniş yayılıb? Çünki dünyanın ən böyük qiymətli kağızlar birjası oradadır. İslam bankçılığı onların alqı-satqısı, pul qazanması və bütün iqtisadi prosesin iştirakçısına çevrilməsi ilə məşğuldur. Bu, ona inkişaf etməyə imkan verir. Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur, normal bazar qaydaları ilə fəaliyyət göstərən səhmdar cəmiyyəti təsəvvür etmək bizim üçün çətindir. Bütün iqtisadiyyatın İslam bankçılığının işinə töhfə verməsi lazımdır. Bunun üçün müvafiq iqtisadi qurumlar olmadığı halda, İslam qanunlarına uyğun işləyən ayrıca bölmənin yaradılması o qədər də uğurlu olmayacaq. Müqavilə münasibətlərində sərbəstlik olmalıdır, o zaman müqavilələrə qanuna zidd olmayan bəndlər daxil etmək, bu müqavilələrə uyğun işləmək olar. İslam bankçılığı indi necə işləyəcək? Hara pul yatırmalıdırlar? Bizdə qiymətli kağızlar bazarı yoxdur. Məsələn, bina tikintisi uzun və riskli prosesdir, “yana” bilərsiniz. Bu sahənin inkişafı üçün iqtisadi imkanların və institutların olması lazımdır”, - deyə mütəxəssis vurğulayıb.

Dayanıqlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya açıqlamasında qeyd edib ki, İslam bankları uğurlu hesab etdikləri layihələrə investisiya yatırır: “Bu prinsiplə fəaliyyət göstərmək istəyən banklar qanunu pozmur”.

Ağayev də o fikirdədir ki, Azərbaycanda bunun üçün xüsusi qanuna ehtiyac yoxdur, mövcud olanlar kifayətdir: “İslam bankçılığı bir çox ərəb ölkələrində geniş yayılıb, bizdə isə bu, dindar vətəndaşların marağına səbəb olsa da, ümumi götürsək, geniş yayılmayacaq”.

Müəllif: Elya Belskaya