Azərbaycan və Türkiyə hərbi nazirlərindən BƏYANAT

Aktual

09.11.2021 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Zakir Həsənovla Hulusi Akar birgə mətbuat konfransı keçiriblər

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.

AYNA-nın xəbərinə görə, hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb. Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.

Türkiyənin milli müdafiə naziri H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

“Azərbaycan ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi. Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadəyə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk”.

Bu sözləri Z.Həsənov mətbuat konfransında bildirib. Nazir çıxışında Türk Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri olduğunu deyib: “Mən özüm də çox şeyi burada oturan generallardan öyrənirəm. Müharibədən sonra ölkə Prezidentinin tapşırığı ilə müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan ordusunda təşkilat tədbirləri həyata keçirdik. Azərbaycan Prezidentinin tapşırığı ilə hazırda Azərbaycan ordusunu Türk Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik".

H.Akar isə deyib ki, Şuşa Bəyannaməsi duyğularımızın, düşüncələrin kağıza köçürülməsidir: “Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud olan səmimi əlaqələrin mövzusunu, əhatə dairəsini genişləndirən, dərinləşdirən bir bəyannamədir. Şuşa Bəyannaməsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm Azərbaycan Prezidenti İlham Əliyevin düşündüklərinin və ölkələrimiz, millətimiz üçün gördükləri perspektivin ortaya qoyulduğu bir sənəddir. Bizim üzərimizə düşən dəyərli qardaşım Zakir Həsənovla sənəddə əksini tapan müdafiə və təhlükəsizlik sahəsində fəaliyyəti təmin etməkdir. Hərbi təlim, əməkdaşlıq, təcrübə mübadiləsi və yardımlaşmanın əhatə dairəsini genişləndiririk. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş