Azərbaycan - İsrail münasibətlərində yeni mərhələ: İran təşviş keçirsə də, əbəsdir

Siyasət

02.06.2023 - 10:16

Hersoqun Bakı səfəri hansı yeniliklərin müjdəçisidir?

Məlum olduğu kimi, İsrail Prezidenti İshaq Hersoq mayın 30-da Bakıya rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Əliyev bəyan edib ki, iki ölkənin ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur: “Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir”.

Hersoq da təhdilər mövzusuna toxunub: “Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik”.

Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında İsrail Prezidentinin Bakı səfərini tarixi hadisə adlandırıb: “İshaq Hersoqun Azərbayana səfəri həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. İtikitərəfli iqtisadi əlaqələrin artırılması baxımından bu səfər strateji məna daşıyır. Çünki son illər Azərbaycan ilə İsrail arasında iqtisadi münasibətlər yüksələn xətlə inkişaf edib. İki ölkə arasında ticarət dövriyyəsi iki milyard dollara yaxındır. Təkcə son üç ildə ticarət dövriyyəsi dörd dəfə artıb. Bu rəqəmin qarşıdakı dövrlərdə daha da artacağı gözlənilir”.

“İsraillə qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. İsrail şirkətləri ilə sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır. Eləcə də müdafiə sənayesi sahəsində dərin əməkdaşlıq formalaşıb”, - deyə deputat bildirib.

Bayramov İsrailin hər zaman Azərbaycana dəsətk olduğunu qeyd edib: “İstər Birinci Qarabağ, istərsə də ikinci Qarabağ müharibələri zamanı İsrail Azərbaycanın yanında olub. Münasibətlər strateji xarakter daşıyıb və Azərbaycanın İsraildə diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması, ardınca İsrail Prezidenti İshaq Hersoqun Bakıya səfəri münasibətlərin inkişafında yeni mərhələdir. Dövlət başçılarının görüşünün ardından mətbuata mühüm açıqlamalar verildi. Azərbaycana qarşı təhdidlər və digər məsələlər şərh olundu. Hesab edirəm ki, Azərbaycan-İsrail münasibətləri inkişaf edir və bu hər iki ölkənin maraqlarına uyğundur”.

“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev də oxşar fikirdədir. O, AYNA-ya şərhində Azərbaycan-İsrail münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib: “İsrail Prezidentinin Azərbaycana səfəri də bunun bariz nümunəsidir. Bundan öncə Azərbaycanın Təl-Əvivdə səfirliyi fəaliyyətə başladı. İki ölkə arasında strateji təmaslar mövcuddur. Bu əlaqələr siyasi, iqtisadi və mədəni sahələri əhatə edir”.

“Azərbaycanla İsrail arasında iqtisadi münasibətlər də genişlənir. Müxtəlif sahələrdə əməkdaşlıq formatları qurulub. İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyən ölkələrdən biridir. 44 günlük Vətən müharibəsi zamanı da biz bunu aydın gördük. Azərbaycan neftinin əsas alıcılarından olan İsrail Azərbaycanın əsas hərbi sənaye idxalçılarından biridir. Hesab edirəm ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına təkan verəcək”, - deyə müsahibimiz vurğulayıb.

Əliyevin sözlərinə görə, İranın bu səfərdən təşviş keçirməsi təbiidir: “Lakin bir məsələ var ki, İran bu münasibətlərə mane olmaq iqtidarında deyil. Azərbaycan dövləti özü də dəfələrlə bəyan edib ki, qarşılıqlı təmaslar üçüncü dövlətə qarşı yönəlməyib. İran Azərbaycana şərt qoya bilməz ki ki, kiminləsə əməkdaşlıq et və ya etmə. Bu, diplomatik normalara sığmır. Digər yandan, İran Azərbaycanla düşmən mövqeyində olan Ermənistana hər zaman yardım edib. Ermənistanı silahla təhciz edib. Hələ bu azmış kimi, münasibətlərin gələcək inkişafından danışırlar. İsrail Azərbaycanın strateji tərəfdaşıdır və ikitərəfli münasibətlər bundan sonra da artan dinamika ilə inkişaf edəcək”.

Müəllif: Azər Niftiyev