Avropa Dərman Agentliyi COVID-19 vaksini ilə bağlı istintaqa başlayıb

Dünya

11.04.2021 - 08:18

Peyvənddən sonra 4 nəfərdə qan laxtalanması müşahidə olunub
 
Avropa Dərman Agentliyi ABŞ-da yerləşən "Conson&Conson" əczaçılıq şirkəti tərəfindən hazırlanmış COVID-19 peyvəndi ilə bağlı istintaqa başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb pevənd olunmuş dörd nəfərdə qan laxtalanmasının müşahidə edilməsi olub.
 
Araşdırmanın Oxford Universiteti və "AstraZeneca" tərəfindən istehsal olunan peyvənd məlumatları daxil edilərək genişləndirildiyi bildirilir.
 
"Conson&Conson" tərəfindən verilən açıqlamada peyvəndlə qan laxtalanması arasında heç bir əlaqənin olmadığı bildirilib. Tək dozada peyvəndləmə üçün nəzərdə tutulmuş vaksini istehsal edən "Conson&Conson" heç bir əks təsirin olmadığını deyib. Peyvəndin Avropa Birliyi komissiyasından keçərək təsdiqləndiyini diqqətə çatdırıb. 
 
Bir neçə gün əvvəl Avropa Dərman Agentliyinin prezidenti Marko Kavaleri İtalyan mətbuatına "AstraZeneca" peyvəndi ilə qanın laxtalanmasının əks təsiri arasında bir əlaqə olduğunu etiraf etmişdi. Kavaleri “Düşünürəm ki, indi deyə bilərik. Qan laxtalanmasının vaksin ilə əlaqəsi olduğu açıqdır. Ancaq qan laxtalanmasına səbəb nədir, hələlik bunu bilmirik” deyib.
 
Digər tərəfdən, Oxford Universiteti və "AstraZeneca" tərəfindən ortaq şəkildə hazırlanan vaksin Danimarka, Norveç, İslandiya, Finlandiya, Bolqarıstan, Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, İrlandiya da daxil olmaqla bir çox ölkədə əks təsirə - qan laxtalanmasına səbəb olduğu üçün dayandırılıb.
Müəllif: Ayna.az