AŞPA-nın yanlışı və Azərbaycanın haqlı arqumenti: "İplər tamamilə qopmayıb"

Siyasət

25.01.2024 - 14:03

Natiq Cəfərli: “AŞPA-nın qəbul etdiyi sənəddə Azərbaycan qarşısına elə tələblər qoyulub ki, onların yerinə yetirilməsi mümkün deyil”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edərək qurumda iştirakını dayandırdığını elan etdi. Bəyanatda qeyd edilir ki, Azərbaycan qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir: “Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq. AŞPA-nın əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi”.

Bəyanatda daha sonra qeyd edilir: “2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir”.

“Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”, - deyə Azərbaycan nümayəndə heyəti bəyan edib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Qeyd edək ki, AŞPA-nın dünənki iclasında – Azərbaycan nümayəndə heyətinin bəyanatından sonra Azərbaycanın əleyhinə qərar qəbul olunub. Belə ki, AŞPA-nın yanvarın 24-də axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.

76 deputat “lehinə”, 10 deputat “əleyhinə”, 4 nəfər bitərəf qalıb. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.

Sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan çıxarılmır, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.

Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran REAL Partiyasının icra katibi, təşkilatın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli deyib ki, burada iki məsələni bir-birindən ayırmaq lazımdır:

- Azərbaycanda insan haqlarının pozulması, siyasi həbslər, siyasi partiyalara, QHT-lərə qarşı sərt siyasət ciddi problemdir. Bu məsələlərlə bağlı Avropa Şurası (AŞ) öz mövqeyini bildirirsə, tələb qoyursa, bu, normal yanaşmadır. Amma o sənəddə bir neçə məsələni bir-birinə qatmaqla AŞ özü öz qərarına kölgə salmış oldu. Məsələn, orada Laçın dəhlizi ilə bağlı, Xankəndi məsələsi ilə bağlı, “etnik təmizləmə” kimi absurd iddia yer aldı. Bu, AŞ-ın yanlışı idi. Çünki Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə, suverenliyini bərpa etməsinə qarşı olmaq, Laçın dəhlizi məsələsini gündəmə gətirmək AŞ-ın öz arqumentlərini zəiflətdi. Azərbaycan hökumətinin də kifayət qədər ciddi arqumenti var ki, insan haqları məsələsi bəhanədir, əsas məsələ Qarabağ məsələsidir. AŞ bilmirdi ki, belə qərar Azərbaycan ictimaiyyətinin ciddi əks-reaksiyasına səbəb olacaq, Azərbaycan hökumətinə də arqument verəcək?! Açığı, AŞ-ın bu qərarı anlaşılmazdır.

Yeri gəlmişkən, AŞPA-da o qədər deputat sayına baxmayaraq, müzakirələrdə 100-ə yaxın deputat iştirak edirdi. Səsvermədə də çox az sayda deputat iştirak etdi ki, bu da məsələnin AŞ-da o qədər də ciddi marağa səbəb olmamasının göstəricisi idi.  

- AŞ-Azərbaycan münasibətlərində iplərin tamam qopduğunu demək olarmı?

- Azərbaycan mediasında belə təqdimat verilir ki, guya Azərbaycan Avropa Şurasından birdəfəlik çıxdı. Bu, yanlış şərhdir. Azərbaycan nümayəndə heyəti sadəcə AŞPA-da fəaliyyətini dondurub. Məsələyə bir il ərzində yenidən baxılacaq. Hətta bəzi prosedur qaydalarına görə, bir ildən də tez baxıla bilər. Düşünmürəm ki, Azərbaycanla AŞ arasında iplər tamamilə qopacaq. Yəqin ki, hansısa danışıqlar, münasibətlərin normallaşması barədə müzakirələr davam edəcək.

Burada ikitərəfli yol olmalıdır. Birincisi, Azərbaycan hökuməti insan haqları ilə bağlı sərt siyasətindən əl çəkməlidir, siyasi məhbus problemini həll etməlidir. Eyni zamanda, siyasi partiyalarla, QHT-lərlə bağlıqanunvericiliyə edilmiş dəyişikliklərə yenidən baxmalıdır. Nəsə edilməlidir ki, məsələlər yoluna qoyulsun. Amma qarşı tərəf də, yəni AŞ da yumşaldıcı addımlar atmalıdır.

- Söhbət hansı addımlardan gedir?

- Azərbaycanın ərazi bütövklüyü ilə bağlı, “etnik təmizləmə”, Qarabağ məsələsi, Laçın dəhlizi, Xankəndi məsələləri ilə bağlı iddiaları o sənəddən çıxarmalıdırlar. Bundan sonra Azərbaycanın qarşılıqlı addım atması üçün əsas yarana bilər. Qarabağ məsələsi ilə bağlı tələblər həmin sənəddə qalacaqsa, Azərbaycan da öz israrında davam edəcək və bu mövqe haqlı olacaq. AŞPA-nın qəbul etdiyi sənəddə Azərbaycan qarşısına elə tələblər qoyulub ki, onların yerinə yetirilməsi mümkün deyil. Məsələn, Laçın dəhlizi ilə bağlı Azərbaycan o tələbi necə yerinə yetirə bilər?

AŞ Azərbaycan cəmiyyətinin Qarabağ məsələsi ilə bağlı həssaslığını nəzərə almadı. Bununla da AŞ-ın haqlı tələbləri də silindi. Bununla AŞ-ın bir növ Azərbaycan cəmiyyətində dili qısaldı.

- Azərbaycan nümayəndə heyəti müzakirələrdə sonadək qalsa, öz arqumentlərini səsləndirsə, yaxşı olmazdımı?

- Əslində müzakirələr olub. Təkcə sessiya zamanı müzakirələr getmir. Komitələrdə, kulislərdə bu məsələ müzakirə edilib. Amma əvvəldən bilinirdi ki, AŞ belə bir qərar verəcək. Qərarın bu yöndə olacağı hətta ayın 22-dən bəlli idi. Ona görə də hesab edirəm ki, bizim nümayəndələrin səsvermədə qalması, onların fikrini dəyişdirməsi mümkünsüzdür. Orada səsverməyə gələn deputatlar həmin sənədin lehinə səs verənlər idi ki, bu da baş verdi. Bu baxımdan, iclasda qalmaq, müzakirələrdə iştirak mənasız idi. Ona görə də, hesab edirəm ki, nümayəndə heyətinin bəyanat verərək zalı tərk etməsi indiki şəraiti adekvat addım idi.

Müəllif: Anar Bayramoğlu