Amerikalı elçilərin Bakı toplantısı – Zahirdəki batin

Siyasət

02.05.2022 - 14:22

Okeanın o tayından olan diplomatlar burada nəyi müzakirə etdilər?

Bakıda ABŞ səfirlərinin regional görüşü keçirilib. Tədbirdə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi, Azərbaycandakı səfiri Örl Litzenberger və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edib.

Bundan əlavə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şofer və ABŞ-ın Avropa və Avrasiyaya Yardım üzrə Koordinatoru səlahiyyətlərini müvəqqəti icra edən Qreq Naarden də müzakirələrə qatılıblar.

“Bakı, İrəvan və Tbilisi əvvəllər də belə tədbirlərə ev sahibliyi ediblər. Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. ABŞ Azərbaycan, Ermənistan və Gürcüstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edir. Biz də öz növbəmizdə tərəfdaşlığın gücləndirilməsinə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin edilməsinə sadiq olduğumuzu vurğulayırıq”, - deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir.

Təbii ki, bizə hər şey deyilmir. Maraqlıdır, Qafqaza cavabdeh olan bütün Amerika diplomatik korpusunun bu toplantısı məhz nəyə həsr olunub? Etibarlı divarlar arxasında canlı söhbət zamanı hansı məsələləri müzakirə etmək olar? Bu, bir növ Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü və Moskvanın indi Cənubi Qafqaz dövlətləri üçün yaratdığı təhlükə ilə bağlıdırmı? Amerika diplomatiyası Azərbaycan, Gürcüstan və Ermənistanın hakimiyyət orqanlarına hansısa yolla koordinasiyalı, əlaqələndirilmiş şəkildə təsir göstərməyə cəhd edə bilərmi ki, onlar düzgün hərəkət etsinlər və Rusiyanın işğalı ilə nəticələnə biləcək addımlara təhrik olunmasınlar?

AYNA-nın suallarını bölgənin tanınmış ekspertləri cavablandırıblar.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Dünyanın müxtəlif regionlarında Dövlət Departamenti tərəfindən sistematik olaraq bu qəbildən olan görüşlər keçirilir. Bu şöbənin kuratorları ora gəlib səfirlərini düzgün istiqamətləndirirlər. Və əvvəllər də bir neçə dəfə belə görüşlər olub. Ona görə də mən bunda qeyri-adi heç nə görmürəm.

Aydındır ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra yaranmış vəziyyəti nəzərə alsaq, bu münaqişə bu və ya digər şəkildə Rusiya Federasiyası ilə həmsərhəd olan bütün dövlətlərə proyeksiya edilir. Bəli, Dövlət Departamentinin nümayəndələri ABŞ-ın siyasətini öz səfirləri ilə müzakirə edərkən, şübhəsiz ki, bu məqamı nəzərə aldılar və çox güman ki, bu, Bakıda qaldırılan ən mühüm məsələlərdən biri idi.

Düşünürəm ki, eyni zamanda, Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı problemlərlə bağlı məsələlər müzakirə olunub. Eləcə də Azərbaycan ilə Ermənistan arasında sülhün təşviqi mövzusu.

Hesab edirəm ki, həm Azərbaycanın, həm də Ermənistanın hələ də ABŞ sanksiyaları altında olan İranla həmsərhəd olması ilə bağlı məqam çox mühüm olaraq qalır. Ümumiyyətlə, Bakıda keçirilən görüşdə hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar rejimi də bu və ya digər şəkildə müzakirə olunub. Enerji, təhlükəsizlik və s. ilə bağlı başqa məsələlər də var”.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

“Təbii ki, səfirlərin görüşündə konkret nəyin müzakirə olunduğunu dəqiq bilmirəm, amma gündəliyi müəyyən etmək çətin deyil. Baxmayaraq ki, Azərbaycan, Ermənistan və Gürcüstan siyasi baxımdan çox fərqli ölkələrdir, amma onlar üçün eyni təhlükə mənbəyi - Rusiya Federasiyası mövcuddur.

Ona görə də görüşün gündəliyi də başadüşüləndir - Rusiyanın Cənubi Qafqazdakı təsiri, sanksiyalardan qanuni və qeyri-qanuni yayınma sxemləri və böyük müharibə təhlükəsi.

Əslində, ölkələrin fərqinə baxmayaraq, yaxşı başa düşmək lazımdır ki, bu üç halın hamısı bir-biri ilə çox bağlıdır. Amerikalılar regionun hər üç ölkəsi üçün ümumi standartlar hazırlamalıdırlar. Dünya dəyişdi və bu dəyişmiş dünyada həddindən artıq sentimentallığa yer yoxdur.

Müharibə gedir və dövlətlərin zəif, qətiyyətsiz və ya laqeyd siyasəti unudulmalıdır. İndi hər şey vahid məqsədə - Putin rejimi üzərində qələbəyə tabe olacaq. Bu, Cənubi Qafqazın bütün siyasi elitaları tərəfindən yaxşı başa düşülməli olan bir şeydir”.

Ermənistanlı politoloq, Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin direktoru Benyamin Poqosyan:

“Hesab edirəm ki, ABŞ bu gün Cənubi Qafqazın stabil olmasında maraqlıdır. Ermənistan-Azərbaycan münasibətlərini götürsək, onlar düşünürlər ki, sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işinə başlaması, sülh müqaviləsi üzrə danışıqlara başlanması, kommunikasiyaların deblokadası üçün Cənubi Qafqazdakı vəziyyətə müsbət təsir göstərəcək daha fəal addımlar atılması kimi proseslərə start verilə bilər.

Beləliklə, mən hesab edirəm ki, hazırda həm Ermənistan, həm də Azərbaycanın Amerika Birləşmiş Ştatlarından aldığı əsas mesajlar vəziyyəti bir şəkildə sabitləşdirmək üçün yuxarıda göstərilən üç prosesin başlanmasının zəruriliyi fikrini ehtiva edir. Düşünmürəm ki, ABŞ indi hansısa yeni münaqişədə maraqlıdır”.

Müəllif: Rauf Orucov