“Aktrisa körpəsini itirdiyi barədə bizə heç bir sənəd təqdim etməyib”

Mədəniyyət

02.08.2019 - 15:49

İrəvan Dövlət Azərbaycan Dram Teatrı: Şəbnəm Cəbrayılova dövlət müəssisəsinin iş rejimini qəsdən pozub

 

Xəbər verdiyimiz kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılovanın qanunsuz olaraq işdən çıxarılması ilə bağlı AYNA-ya müraciət edib. Bildirib ki, Teatrın direktoru İftixar Piriyev ona qarşı haqsızlıqlar edib.

 

Aktrisanın dediyinə görə, hamilə olduğunu, bu səbəbdən işləyə bilmədiyini dəfələrlə truppa müdirinə bildirsə də, buna heç bir məhəl qoyulmayıb. Buna rəğmən, yay qastrollarında iştirak etməyə məcbur edilib, qastrolların üçündə iştirak etsə də, sonuncu qastrola gedə bilmədiyi üçün, xəbəri olmadan işdən çıxarılıb. Ş.Cəbrayılova, hətta bu səbəbdən bətnindəki körpəsini itirdiyini də iddia edib.

 

AYNA əməkdaşı aktrisanın ittihamlarına münasibət öyrənmək üçün sözügedən teatrın mətbuat xidməti ilə əlaqə saxlayıb. Teatrdan bildirilib ki, aktrisanın işdən çıxarılmasına səbəb 15 gün ərzində səbəbsiz yerə işə gəlməməsi, rayonlara təşkil edilən qastrol səfərlərinə getməkdən imtina etməsi, bununla da dövlət müəssisəsinin iş rejimini qəsdən pozması olub.

 

“Aktrisanın hamilə olması və uşağını itirməsi ilə bağlı dedikləri reallığı əks etdirmir. Çünki bununla bağlı Teatra şikayətinin təsdiqini tapan heç bir sənəd təqdim etməyib”, - deyə qurumdan qeyd olunub.

Müəllif: Mərahim Nəsib