“Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır”
Azərbaycanda ailə həkimi institutunun formalaşdırılması üçün mühüm proqram hazırlanır.
AYNA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi "PROACT-Care" layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Məlumata əsasən, ölkənin səhiyyə xidmətlərində keyfiyyəti təmin etmək üçün islahatlar davam etdirilir.
TƏBİB-in sədri bildirib ki, icbari tibbi sığorta layihəsi ilə kifayətlənməyib, eyni zamanda, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasını əsas hədəf seçilib: “Yəni, TƏBİB-in yaranmasının əsas qayəsi tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsidir. Bəzən bizi COVID-19 pandemiyası ilə əlaqədar yaranmış qurum kimi bilsələr də qeyd edim ki, pandemiya əleyhinə mübarizə TƏBİB-in fəaliyyətinin, bəlkə də çox kiçik hissəsidir. Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır. Səhiyyə xidmətləri bütövlükdə transformasiya olunmaqla növbəti mərhələyə hazırlanmalıdır. Burada ən mühüm məsələ isə ilkin səhiyyə xidmətləri ilə əlaqədardır. Dünyada pandemiya ilə mübarizə aparmağı əsasən qoruyucu səhiyyə xidmətlərini yaxşı inkişaf etdirmiş dövlətlər bacardı. Odur ki, Azərbaycanda ilkin səhiyyə xidmətlərinin yeni sistemə transformasiyası, ailə həkimi institutunun formalaşması üçün çox mühüm proqram hazırlanır”.