Ağ rəngə vurğun Məzahir Pənahov komissiya üzvlərinə Qoqolu oxutdurub – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

26.02.2020 - 11:00

Məzahir müəllim ağ rəngi çox sevir, özü də o qədər sevir ki, əksər hallarda lap “ağ edir”

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Ağ rəngi sevən insanlar, psixoloqların fikrincə, o insanlardır ki, onlar daim ətraflarında hərəkətliliyi, nəyinsə baş verməsini, dinakimliyi sevirlər. Və təbii ki, onlar bu dinamikliyin mərkəzində özlərinin olmasını əsas hesab edirlər. Amma ağ rəngə olan meylin çoxluğu bu rəngin neqativ xüsusiyyətlərinin üzə çıxmasına rəvac verir.

 

İnternernetdə qarşıma çıxan bir psixoloqun məqaləsini oxuyarkən, nədənsə yadıma MSK sədri Məzahir Pənahov düşdü. Öz-özümə dedim ki, Məzahir müəllimin ağ rəngə nə dəxli var? Axı niyə bu məqalə məndə belə assosasiya yaratdı? Bir müddətdən sonra ehtimal olunan cavab sanki öz-özünə gəldi: Məzahir müəllim ağ rəngi çox sevir, yəqin, özü də o qədər sevir ki, öz fəaliyyəti boyu əksər hallarda lap “ağ edir”. Ağ köynək, ağ vərəqlər, MSK-nın ağ rəngin üstünlük təşkil etdiyi binası – təəssüf ki, bunlar MSK sədrinin günədlik həyatındakı heç də bütün ağlar deyil...

Yoldaş Mircəfər