Umayra Tağıyeva: “Radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və daha operativ məlumat hazırlamağa imkan verəcək”
Azərbaycana, dövlət investisiyaları çərçivəsində hava proqnozlarını daha dəqiq təqdim etməyə imkan verən, ABŞ istehsalı olan iki dopler radarı gətirilib. Hazırda radarların quraşdırılması işləri aparılır.
AYNA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə bu barədə məlumat verib. Bildirib ki, radarlardan biri Şamaxıda, digəri Göygöldə yerləşdiriləcək.
“Gələn ilin birinci rübündə artıq bu yeni avadanlığın istifadəyə verilməsi nəzərdə tutulur. Avadanlıqlar istifadəyə verilməmişdən əvvəl onlarla işləyən mütəxəssislər üçün bir aylıq təlimlər keçiriləcək. Bu radarlar vasitəsilə hava haqqında məlumatlar gün ərzində daha tez-tez yenilənəcək, məlumatlar daha operativ olacaq. Radarların radiusu kifayət qədər genişdir”, - Tağıyeva qeyd edib.
“Dövlət investisiyası çərçivəsində Şəkidə quraşdırılması üçün yeni bir radar da alınacaq. Bu radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və daha operativ məlumat hazırlamağa imkan verəcək. Radarların quraşdırıldığı ərazilər seçilərkən bu amil də nəzərə alınıb”, - deyən ETSN rəsmisinin sözlərinə görə, radarların alınması prosesi 2023-cü ilədək davam edəcək.