ABŞ-a miqrant axını: Tramp əfqanları qovmağa çağırış etdi

Dünya

25.10.2021 - 09:57

Sabiq Prezident: “Onların çoxu terrorla yaxından əlaqəli ola bilərlər”

“ABŞ miqrasiya böhranı və səlahiyyətlilərin hərəkətsizliyi səbəbindən içəridən “ölür””. AYNA xarici mediaya istinadən bildirir ki, bunu ölkənin keçmiş Prezidenti Donald Tramp deyib.

Sabiq Prezident ABŞ-ı “zəhərləyən” milyonlarla qeyri-qanuni miqrantdan şikayətlənib: “Ağ Ev adminstrasiyası əksər hallarda onların qarşısını almır, hətta sorğu-suala tutmur. Problemin həlli Meksika ilə sərhəddə divarın tikintisini başa çatdırmaqdan keçir. Bu, tez bir zamanda edilə bilər”.

ABŞ-ın keçmiş lideri eyni zamanda, qeyri-qanuni mühacirlərin bir çoxunun digər ölkələrin həbsxanalarından çıxan son dərəcə təhlükəli cinayətkarlar olduğunu deyib: “Əfqanıstandan olan qaçqınların yüzdə 97 faizi ümumiyyətlə ABŞ-da saxlanılmamalıdır. Bu insanlar çox diqqətlə yoxlanılmalıdır, çünki onların çoxu terrorla yaxından əlaqəli ola bilərlər”.

Oktyabrın 20-də ABŞ-da son 35 ildə rekord sayda qeyri-qanuni miqrantların saxlanıldığı açıqlanıb. Ölkənin Sərhəd və Gömrük Xidmətinin məlumatına görə, 2021-ci hesabat ilində hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 1,7 milyon qanunsuz miqrant saxlayıblar. Onlardan 608 mini Meksikadan, 657 mini Mərkəzi Amerikadan, 367 mini isə Cənubi Amerikadan gələnlərdir.

Müəllif: Ayna.az