A bala, o televizoru yandır, görək dünyada nə var-nə yox...

Cəmiyyət

01.06.2021 - 15:17

Daha üç televiziya kanalı bağlandı – tamaşaçıları yerli TV-lərə necə qaytaraq?

 

Bu gündən etibarən Azərbaycanda üç televiziya və bir radio kanalının fəaliyyəti dayandırılıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında bununla bağlı qərar qəbul edilib.

 

Belə ki, “Lider TV” və “Radio-Azərbaycan” MMC-nin fəaliyyəti məhkəmənin qanuni qüvvəyə minən qətnaməsi ilə əlaqədar olaraq müflis olması, “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyi, “Mingəçevir Televiziya və Radio Şirkəti”nin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyi nəzərə alınaraq belə bir qərar verilib.

 

Xatırladaq ki, bu gün Azərbaycanda ümumrespublika yayımçısı olaraq 10, regional televiziya yayımçısı olaraq 12 televiziya fəaliyyət göstərir. 3 televiziya kanalı isə peyk yayımçısı olaraq efirdədir. Lakin aparılan sorğular ölkə vətəndaşlarının daha çox xarici telekanallara üstünlük verdiyini ortaya çıxarır. Yerli izləyicilər əsasən türk və rus televiziyalarına tamaşa edirlər.

 

Bəs, görəsən yerli televiziyaların fəaliyyətinə xüsusi maraq yaratmaq üçün hansı addımlar atılmalıdır? Nələr baş verməlidir ki, Azərbaycan tamaşaçıları xarici TV-ləri deyil, yerli kanalları izləsinlər?

 

AYNA məsələyə ekspertlərin şərhini öyrənib.

 

Qulu Məhərrəmli: “Tamaşaçılar yerli televiziyalardan üz çeviriblər”

Qulu Məhərrəmli: “Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik…”

Tanınmış teleaparıcı, professor Qulu Məhərrəmli deyib ki, bu gün Azərbaycanda yerli telekanalların maliyyələşməsi şəffaf deyil: “Onların maliyyə qaynaqları hansılardır, bunu necə həyata keçirirlər? Bu məsələyə dair nəinki ictimaiyyətdə, bu sahə ilə yaxından maraqlanan şəxslərdə belə, məlumat yoxdur. Milli Televiziya və Radio Şurası araşdırma aparmışdı və məlum olmuşdu ki, Azərbaycanda radioların illik gəliri 5 milyon ABŞ dolları civarındadır. Açığı, bu, mənim üçün gözlənilməz oldu. Bu cür araşdırmaların davam etdirilməsinə ehtiyac var. Telekanalların da maliyyə qaynaqları cəmiyyətə açıq elan edilməlidir”.

 

“Bütün hallarda bu sahədə maliyyələşmə mexanizmləri hələ də qaranlıqdır. Məhz elə bu səbəbdən də birmənalı fikir söyləmək çətindir. Bütün hallarda keçmişə yox, gələcəyə baxmaq lazımdır. Bu sahədə görəcəyimiz işlər isə kifayət qədərdir”, - deyə mütəxəssis bildirib.

 

Onun fikrincə, spesifik kanalların yaradılması vacibdir: “Düzdür, Azərbaycanda spesifik telekanallar mövcuddur. Misal üçün, mədəniyyət, idman, uşaq kanalları var və onlar ixtisaslaşmış şəkildə fəaliyyət göstərir. Lakin əhalinin maarifləndirmə səviyyəsini yüksəltmək üçün tədris və təhsillə bağlı kanalın da yaradılması zəruridir. Bu gün əksər televiziyalar cəmiyyətin ehtiyaclarını nəzərə almadan fəaliyyət göstərir. Məhz elə bu səbəbdən də cəmiyyət daha çox xarici telekanallara və sosial mediaya üstünlük verir”.

 

“Hazırda yerli telekanallarda təbliğat informasiyadan daha çoxdur. Yerli tamaşaçılar Azərbaycan televiziyalarından üz çevirib. Bunu doğuran səbəblər üzərində işləmək və yerli izləyicilərin yenidən yerli efir məkanına qayıtmasını təmin etmək üzərində işləmək lazımdır”, - deyə Məhərrəmli vurğulayıb.

 

Professor əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı tamaşaçılar arasında Azərbaycan televiziyalarına ciddi maraq yarandı: “Cəmiyyət onlara lazım olan əsas informasiyaları məhz yerli televiziyalardan əldə edə biləcəyi gerçəyini anladı. Bu mötəbərliyi indi qoruyub saxlamaq, inkişaf etdirmək, cəmiyyətə çox ciddi mesajlar vermək, ciddi problemləri açıq şəkildə müzakirə etmək, televiziyaların təbliğat yükünü azaltmaq çox önəmlidir. Eyni zamanda araşdırma aparmaq olar ki, tamaşaçılar xarici kanallarda daha çox hansı verilişlərə baxırlar. Həmin verilişlərin oxşarını necə yaratmaq olar? Bütün bu məsələlər kompleks şəkildə həyata keçirilməlidir”.

 

Ceyhun Əli: “Televiziya sahəsində inkişaf qaçılmazdır”

No description available.

Teleaparıcı Ceyhun Əli isə tamaşaçıların yerli telekanalları seyr etməməsi ilə bağlı fikirlərlə tam razı deyil: “Müasir dövrdə televiziyada dəyişikliklər zərurətə çevrilib. İstənilən dövrdə tamaşaçı, auditoriya keyfiyyətli teleproqram gözləyib. Dövr sosial medianı daha zəruri etdiyi üçün telekanallar yayım şəbəkəsini daha da genişləndirərək sosial media vasitəsilə də informasiya ötürməyə başlayıb. Keyfiyyətli televiziya proqramı və layihəsinin arxasında ilk növbədə peşəkar mütəxəssis komandası dayanır. Əgər televiziya layihəsi peşəkar təqdimata əsaslanırsa, öz tamaşaçı auditoriyasını formalaşdıracaq”.

 

Müsahibimiz fikrini onunla əsaslandırır ki, bu gün tamaşaçının tələbi daha yüksəkdir və o, bunda  haqlıdır: “Digər məqam telekanalların tələbə cavab vermək və zövqləri qane etmək üçün nə dərəcədə inkişaf etməsindədir. İnkişaf isə qaçılmazdır. Əgər 20-ci əsrdə telekanallar proqramlar hazırlayıb, tamaşaçı auditoriyası qazanırdısa, bu gün artıq süni zəka vasitəsilə tamaşaçının hansı proqrama baxmaq istəyəcəyini müəyyənləşdirmək mümkündür. Bu isə telekanalların gələcəkdə hansı istiqamətdə inkişaf etməli olduğu sualını yaradır. Artıq, mobil telefonlar televizoru əvəz edib. Amma tamaşaçının keyfiyyətli televiziya proqramına baxmaq istəyi nəinki dəyişməyib, əksinə artıb”.

 

“Bu gün ən çox ünvanlanan suallar sosial medianın inkişafı ilə bağlıdır. Telekanallar proqram istehsalı sistemində hansı dəyişikləri etməlidir? Açıq sual budur. Lakin peşəkar proqram və kontent ehtiyacı aktual qalacaq. Telekanalların tamaşaçı itirməsinin əsas səbəbi keyfiyyətli televiziya proqramlarının təqdim olunmamasındadır”, - teleaparıcı bildirib.

 

O, İTV nümunəsindən də missal gətirib: “Bu gün İctimai Televiziyanın klassik teleyayım format ilə yanaşı sosial media platformasında da yayımı aparılır. May ayı ərzində İTV-nin sosial mediada - “Youtube”  üzərindən baxış sayı 20 milyondan artıq olub. Bu isə o deməkdir ki, peşəkar televiziya məhsulu hazırlamaqla yanaşı yayım kanallarını düzgün idarə və tətbiq etmək lazımdır”.

 

“Müasir dövr “Long Life Learning” (Bütün ömrün boyu öyrənməlisən – red.) modelinin tətbiqini tələb edir. Bu gün elm və texnologiya o qədər sürətlə inkişaf edir ki, zamana çatmaq üçün telekanalların özü də dəyişməlidir. Kadr potensialının gücləndirilməsi ilə yanaşı müasir texnoloji yeniliklərin tətbiqinə qədər bütün mərhələlər önəmlidir. “Yerli teleknallara baxılmır” fikri ilə müəyyən mənada razı deyiləm. Hər telekanalın və proqramın öz tamaşaçısı var. Problemə imkan kimi yanaşdıqda isə telekanalların hansı formada inkişaf etməli olduğuna sual tapmaq mümkündür. Hələ ümid var”, - deyə C.Əli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev