“Zəngəzuru Azərbaycandan alıb Ermənistana verən Rusiyadır” - METYU BRAYZA

Siyasət

09.12.2021 - 15:48

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Ağdamdakı türk hərbçiləri NATO-nun gözü-qulağıdır və mən təəccüblənirəm ki, ABŞ-da və NATO-nun özündə bunu hələ başa düşmürlər”

Amerikalı jurnalist Coan Lisoski Atlantik Şurasının analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzadan müsahibə götürüb. AYNA “Youtube”da yerləşdirilmiş həmin müsahibənin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hissəsini təqdim edir.

- İkinci Qarabağ müharibəsinin bitməsindən bir il keçib, lakin atəşkəs sazişinin imzalanmasından dərhal sonra elan edildiyi kimi, NATO üzvü Türkiyənin tam olaraq Azərbaycanda olmasını görmürük. Bu prosses Moskvanın mövqeyinə görə ləngiyir?

- Düşünmürəm ki, kimsə bu məsələnin reallaşması üçün Türkiyəyə mane ola bilsin. Türkiyə hökumətinin həqiqətən düşünülmüş xarici siyasəti var. Və deməliyəm ki, Türkiyənin Azərbaycanda hərbi mövcudluğu var. Prezidentlər Ərdoğan və Əliyev Putini Ağdamda türk hərbçilərinin iştirakı ilə monitorinq mərkəzi yaratmağa razı salmaq üçün çox çalışıblar. Bəli, bu, kiçik qrupdur, amma NATO-nun gözü və qulağıdır və mən təəccüblənirəm ki, ABŞ-da və NATO-nun özündə bunu hələ necə başa düşməyiblər.

- Minsk Qrupunun ABŞ-dan olan həmsədri kimi Moldovada, Gürcüstanda, Ukraynada Rusiya sülhməramlı qüvvələrinin təxribatlarının şahidi olmusunuz və son vaxtlar Ermənistan-Azərbaycan sərhədində, Rusiya qoşunlarının gözü qarşısında ciddi təxribatlar baş verir. Bunu necə qiymətləndirmək olar? Ruslar guya, heç nə görmürlər, yoxsa demək istəyirlər ki, bu ərazilərdə yerləşdirilən qüvvələr yetərli deyil və rus qoşunlarının sayının artırılmasına ehtiyac var?

- Rusiya sülhməramlıları Qarabağda yerləşdirilib, onların sərhədə heç bir aidiyyəti yoxdur. Biz istəməzdik ki, Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlıları olsun, çünki sərhəddə hərbi münaqişə baş verərsə, Rusiya KTMT üzvü olan Ermənistanın tərəfində ona qoşula bilər. İndiki mərhələdə Rusiya sülhməramlılarının fəaliyyətindən hələ də qismən razı olduğumuzu deyə bilərik.

- Bildiyiniz kimi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçidə keçirilən son üçtərəfli görüşü heç bir sazişin imzalanması ilə əlamətdar olmayıb, sadəcə qətnamə imzalanıb. Qarşıda isə Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Brüssel görüşü var. Soçi görüşünü necə qiymətləndirirsiniz?

- Münaqişə tərəflərinin qarşıya qoyduğu məqsədlərə nail olunub. Əsas odur ki, noyabrın 16-da yaranmış gərginliyin aradan qaldırılmasına nail olunsun. Qeyd edək ki, Putin münaqişə vaxtı  Əliyevə yox, Paşinyana zəng edib. O, yəqin ki, sərhəddəki hərbi münaqişənin Ermənistan tərəfindən başladıldığına əmin idi. Digər məqsəd 10 noyabr 2020-ci il tarixli razılaşmaya sadiqliyi təsdiqləmək və Paşinyanın danışıqlar masasına qayıtması idi. Üçüncü vəzifə isə 11 yanvar 2021-ci il tarixli ikinci razılaşmada elan edilmiş infrastruktur layihələrinin həyata keçirilməsi üçün Paşinyandan razılıq almaq idi. Və nəhayət, Putin bu görüşü təşkil etməklə Paşinyandan 10 noyabr razılaşmasını pozmağı və onun bəndlərini yerinə yetirməkdən imtina etməyi tələb edən Ermənistan müxalifətinə nümayiş etdirdi ki, o, Ermənistanın Baş nazirini dəstəkləyir və erməni siyasətçilərinin revanşist planlarına qarşıdır. Yəni Soçi görüşü bu baxımdan təsirli oldu.

- Soçidə keçirilən görüşdə aydın oldu ki, Paşinyan Avropanın danışıqlarda iştirakına üstünlük verir, hətta Minsk Qrupunun adını çəkdi. Bu faktı necə qiymətləndirmək olar?

- Mən belə düşünmürəm. Paşinyan üçtərəfli sazişi ötən ilin noyabrında imzalayıb. Düzdür, bu, Putinin təzyiqi altında baş verə bilərdi. Lakin Paşinyan Dağlıq Qarabağın statusu məsələsini müzakirələrin gündəliyinə daxil etmək niyyətindədir. Bunun üçün ona Minsk Qrupunun prosesə cəlb olunması lazımdır. Axı “Madrid prinsipləri” hansısa mərhələdə status məsələsinə baxılacağını ehtiva edirdi. Hələlik Putin bu məsələdən yayınır.

- Prezident İlham Əliyev dekabrın 6-da bildirdi ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılış tarixini deməlidir. Paşinyan deyəsən, fikrini dəyişib və bəyan edir ki, 10 noyabr sazişində Zəngəzur dəhlizindən bəhs edilmir. İmtina üçün çox gec deyildimi?

- Müqavilədə Zəngəzur dəhlizi ilə bağlı bəndin olmaması fikri ilə razı deyiləm. Bu, sadəcə söz oyunudur. Sadəcə olaraq 9-cu bənd regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını nəzərdə tutur, xüsusən də Ermənistan Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Ermənistanın narahatlığı onun bu ərazi üzərində suverenliyini itirə biləcəyi ilə bağlıdır. Zəngəzurun Ermənistana verilməsinin tarixçəsi hamıya yaxşı məlumdur - onu Azərbaycandan alıb Ermənistana verən Rusiya olub. Ola bilsin ki, bu dəhlizin adı Zəngəzur olduğu üçün bu faktor Ermənistanı qıcıqlandırır.

- Dekabrın 9-10-da Amerika Prezidenti Co Baydenin çağırdığı virtual demokratiya sammitinə Ermənistan və Gürcüstan dəvət olunub, Azərbaycan yox. Bu, Cənubi Qafqazda geosiyasi vəziyyəti necə dəyişəcək?

- Yeri gəlmişkən, Türkiyə də dəvət olunmayıb. Və hesab edirəm ki, bu, yanlış qərardır. Amma bunun regionun geosiyasətinə təsir edəcəyini düşünmürəm. Göründüyü kimi, son günlər ABŞ yenidən Cənubi Qafqaza, Qarabağ münaqişəsinə diqqət yetirir, Blinken hətta dünən Qarabağın adını çəkib və Lavrovla bu məsələni müzakirə etdiyini bildirib. Və bu, əlbəttə ki, yaxşıdır. Həm Prezident Administrasiyası, həm də Dövlət Departamenti məsələni diqqətdə saxlamalıdır, Prezident Bayden vaxtaşırı öz fikrini bildirir. Baxın, ABŞ Suriya, Liviya, Cənubi Qafqaz məsələlərində Rusiya ilə daimi təmasdadır, lakin Moskva demokratiya sammitinə dəvət olunmayıb. Ona görə də sammitdə iştirak etməməyin geosiyasətə hansısa formada təsir edəcəyini düşünmürəm. Şübhəsiz ki, ABŞ Minsk Qrupunun həmsədri kimi Qarabağ məsələsini bundan sonra da diqqətdə saxlayacaq.

- Qayıdaq ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyənin demokratiya sammitinə dəvət almamasına. Erməni lobbisinin təsiri ola bilərdimi? Bunda “erməni soyqırımı”nın tanınmasının da böyük rolu olub. Sizcə, bütün bunlar Türkiyə ilə Rusiyanın yaxınlaşmasına səbəb olacaqmı?

- Çox güman ki, Ərdoğan qəzəblənib. Ancaq xatırlayaq ki, Türkiyə ilə Rusiya arasında münasibətlər keçmişə gedib çıxır, bu güclər bir neçə dəfə öz aralarında vuruşublar. Ona görə də Ankara Moskva ilə münasibətlərində çox diqqətlidir. Yeri gəlmişkən, Rusiya hərbi qüvvələrinin dənizdə, quruda və sərhədlərdə çoxalmasına ən çox etiraz edən Türkiyədir, Moskva ilə qarşıdurmada olan ölkələrə - Gürcüstan və Ukraynaya ciddi hərbi yardım edir və o, onların NATO-ya daxil olmasını da dəstəkləyir. Ona görə də inanıram ki, Türkiyənin demokratiya sammitində iştirak etməməsi heç bir halda regiondakı geosiyasi vəziyyətə təsir etməyəcək.

Vaşinqtondakı türk lobbisi kifayət qədər güclüdür və bunun əsaslı səbəbi var - onlar erməni və yunan lobbilərinə, eləcə də hələ də güclü olan “gülənçilərə” qarşı durmalıdırlar. Türkiyəni sammitə dəvət etməməyi niyə yanlış hesab edirəm? Çünki Türkiyəni qeyri-demokratik ölkə hesab etmək olmaz, Türkiyədə ədalətli seçkilər keçirilir, baxmayaraq ki, hələ də kifayət qədər problemlər var - mətbuat inhisardadır, jurnalistlər həbs olunur.

Müəllif: Mira Həsənova